Türkiyənin Samsun şəhərində keçirilən parataekvondo üzrə altıncı dünya çempionatı başa çatıb. Çempionata 10 idmançı ilə qatılan millimiz 8 medal qazanaraq böyük uğura nail olub.
Yarışda milli komandamızın kapitanı Nicat Müslümov (75 kq), Aleksandr Polişuk (75 kq-dan yuxarı), qadınlardan isə Aynur Dadaşova (58 kq) rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Xəzər İsayev (75 kq) finaldakı rəqibinə məğlub olaraq çempionatı gümüş medalla başa vurub.
Digər dörd təmsilçimiz - qadınlardan Röyalə Fətəliyeva (49 kq), kişi parataekvondoçulardan isə Əbülfəz Abuzərli (75 kq), Vüqar Adışirinov (75 kq-dan yuxarı) və Namiq Abbasov (61 kq) yarışda bürünc medala sahib olublar.
Baş məşqçi Əvəz Tağıyev, böyük məşqçilər Tərənnüm Bayramov və Yaşar Səfərovun rəhbərliyi ilə çempionata qatılan millimiz 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla komanda hesabında kişilər arasında Rusiya millisindən sonra ikinci pillədə, qadınlar arasında isə Rusiya, Türkiyə yığmasının ardından üçüncü pillədə qərarlaşıb.
Komandamız Vətənə sentyabrın 19-da qayıdacaq.
Xatırladaq ki, parataekvondo üzrə milli komandamız iki dəfə dünya birincisi, iki dəfə isə dünya ikincisi olmaqla yüksək göstəricilərlə liderlər arasındadır.
Milli.Az