Bakı, 18 sentyabr, AZƏRTAC
“SOCAR Yay Məktəbi 2015” layihəsi çərçivəsində keçirilən yarışma və intellektual oyunların qalibləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xaricdəki fəaliyyəti ilə tanış olmaq imkanı əldə ediblər.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə üzrə 1-ci yeri tutan “Star” komandasının üzvləri İsveçrədə olublar. SOCAR-ın İsveçrə nümayəndəliyinin hazırladığı 7 günlük proqram əsasında onlar əvvəlcə Cenevrə şəhərinin görməli yerləri ilə tanış olub, sonra nümayəndəliyin ofisində iş prosesi haqqında ətraflı məlumat əldə ediblər. Komanda üzvləri üçün SOCAR-ın İsveçrədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrini müxtəlif yanacaq növləri ilə təmin edən SOGEP terminalına ekskursiya da təşkil edilib. İştirakçılar SOCAR-ın Montro və Luserndəki yanacaqdoldurma məntəqələrində olub, bu şəhərlərin, həmçinin Bern şəhərinin tarixi və mənzərəli yerlərini gəziblər. Oçi bölgəsində məşhur Olimpiya muzeyinə baş çəkən qrup burada müxtəlif tarixlərdə keçirilən olimpiya oyunlarına məxsus medal və digər atributları izləyiblər.
“SOCAR Yay Məktəbi 2015” çərçivəsində keçirilən yarışlarda 2-ci yeri tutan komanda isə Rumıniyaya səfər edib. Səfərin ilk günü iştirakçılar ulu öndər Heydər Əliyevin Buxarestdəki abidəsini ziyarət edib, dahi şəxsiyyətin adını daşıyan parkla tanış olublar. Sonra Rumıniya Parlament binasına səfər təşkil olunub. İştirakçılar Avropa Çempionatı çərçivəsində keçirilən Rumıniya-Yunanıstan futbol matçını da izləyiblər. SOCAR-ın Rumıniya nümayəndəliyində keçirilən görüşdə onlara yanacaqdoldurma məntəqələri, gələcək planlar və layihələr barədə məlumat verilib. İştirakçılar yanacaqdoldurma məntəqələrindən biri ilə əyani tanış olublar. Azərbaycan Respublikasının bu ölkədəki səfirliyində, Heydər Əliyev Fondunun nümayəndəliyində Yay Məktəbinin iştirakçıları ilə görüşlər təşkil edilib. Qrup Sinay, Braşov və Konstanta şəhərlərində də olub, Dunay çayı ilə gəzintiyə çıxıblar.
Yarışın 3-cü yerinin sahibləri SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrlə tanış olmaq imkanı əldə ediblər. İzmirdə “Petkim” neft-kimya holdinqi barədə təqdimat keçirilib, müxtəlif zavodlara ekskursiyalar təşkil olunub. İştirakçılar tikilməkdə olan “Star” neft emalı zavoduna, “Petlim” limanına da səfər ediblər. Onlara hər iki layihə barədə ətraflı məlumat verilib. “Petkim”də satış və marketinq, araşdırma və inkişaf bölmələri, habelə laboratoriyalar, informasiya texnologiyaları, məlumat baza proqramları ilə tanış olan iştirakçılar polietilen və poliolefin istehsalı prosesini izləmək üçün müvafiq zavodlara səfər ediblər. Sonda onlara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib. Qrup İzmir şəhərinin tarixi yerlərini gəzməyə də imkan tapıb.
Yay məktəbinin fəal iştirakçıları arasından seçilmiş digər bir qrup isə Gürcüstana səfər edib. SOCAR-ın Gürcüstan nümayəndəliyi və “SOCAR Energy Georgia” şirkətinin təşkil etdiyi səfər Tbilisi şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkı ziyarətlə başlayıb. Sonra iştirakçılar M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində olub, burada Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı maraqlı faktlarla tanış olublar. SOCAR-ın Qara dəniz Kulevi neft terminalında olan qrup müəssisənin iş prinsipi ilə əyani tanış olub, neft və neft məhsullarının qəbulu, saxlanılması, daşınması, təhlükəsizliyi, tankerlərin qəbulu və yüklənməsi haqqında geniş məlumat alıblar. Ekskursiya başa çatdıqdan sonra iştirakçılar Batumiyə yollanıblar. SOCAR-ın Batumidəki ofisində keçirilən görüşdə onlara burada görülən işlər barədə məlumat verilib, şəhərin görməli yerləri ilə tanışlıq üçün imkan yaradılıb. Layihə iştirakçıları SOCAR-ın Gori yaxınlığındakı Urbnisi kompleksində, Dmanisidə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində, Marneuli Gənclər Mərkəzində də olublar. Səfərin sonuncu günü SOCAR-ın Gürcüstan nümayəndəliyində görüş keçirilib, Tbilisinin tarixi yerlərinə ekskursiyalar təşkil edilib.