Göyçay, 19 sentyabr, AZƏRTAC
Göyçay rayonunda Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi üçün müasir standartlara uyğun yeni inzibati binanın inşası başa çatmaq üzrədir. Binanın tikintisinə ötən il başlanılıb. Ümumi sahəsi 1300 kvadratmetr olan ikimərtəbəli binada mədəniyyətimizin gələcək daşıyıcıları olan uşaqlara hərtərəfli musiqi təhsili verilməsi üçün hər cür şərait yaradılacaq.
Binada sinif otaqları, konsert zalı, musiqi nəzəriyyəsi və ədəbiyyatı kabinələri, kitabxana, iclas zalı və digər otaqlar müəllim və şagirdlərin ixtiyarına veriləcək. Burada qrup məşğələləri və zərb alətləri üçün otaqlar da nəzərdə tutulub. Tədris ocağının yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.