Bakı,19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Milli Parkda Malayziya mədəniyyəti festivalının təntənəli açılışı olub. Malayziya Turizm və Mədəniyyət Nazirliyinin və bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən festivalın açılış mərasimində Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Əbdul Rəhman iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın və Malayziyanın dövlət himnləri səslənib. Sonra Malayziyanın turizm və mədəniyyət naziri Datuk Abdula Qaffar tədbir iştirakçılarını salamlayaraq bildirib ki, dövlətlərimizi həmişə möhkəm dostluq əlaqələri və müxtəlif sahələrdə əməkdaşlıq münasibətləri birləşdirib. Festivalın əsas məqsədi Bakı sakinlərini və şəhərin qonaqlarını Malayziyanın zəngin tarixi və mədəni irsi ilə bilavasitə tanış etməkdir.
Festivalın uğur qazanacağına əminliyini ifadə edən Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev diqqətə çatdırıb ki, ölkəmizdə Malayziyanın mədəniyyətinə və ənənələrinə böyük maraq var. O, mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Sonra Malayziya artistləri xalq mahnıları və rəqslərini ifa ediblər.
Festival sentyabrın 20-də başa çatacaq. Arzu edənlər Malayziya mətbəxinin ləziz yeməklərini dadıb, bu ölkəyə məxsus suvenir, bəzək əşyaları, milli geyimlər ala bilərlər.









