Göygöl, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sentyabrın 23-də Göygöl Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində Gəncə şəhərinin və Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, müraciətlər əsasən bərpa müalicəsinə və məşğulluğun təminatına kömək, mənzil və minik avtomobili ilə təminat, imtiyazlı şəxslərə sanator-kurort göndərişinin verilməsi və digər məsələlərə aid olub. Nazir Səlim Müslümov müraciətlərdə qaldırılan məsələlərin diqqətlə araşdırılaraq tədbir görülməsi, ayrı-ayrı şəxslərin problemlərinin yerindəcə həll edilməsi üçün tapşırıqlar verib.
Bərpa müalicəsinə kömək göstərilməsi ilə bağlı müraciətləri cavablandırarkən nazir Səlim Müslümov diqqətə çatdırıb ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra Respublika Əlillərin Bərpa Mərkəzi istifadəyə verilib ki, bunun da nəticəsində əlilliyi olan şəxslərin reabilitasiya sahəsində heç bir problemi olmayacaq.
Nazir bildirib ki, bütün sosial proqramlar kimi, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobili ilə təminatı işləri də yüksək səviyyədə davam etdirilir. Artıq cari ildə növbəyə dayanan şəxslərin “Naz-LİFAN” markalı avtomobillə təmin edilmələrinə başlanılıb. İlin sonunadək 400 avtomobilin alınması üçün müvafiq vəsait köçürülüb və onlardan 100 ədədi bu günlərdə təqdim olunub. Qalan hissəsi də yaxın aylarda paylanılacaq. Müharibə əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işlərinin də uğurla aparıldığını diqqətə çatdıran S.Müslümov respublikanın bölgələrində tikintisi aparılan fərdi evlərin artıq istifadəyə verilməsinə başlandığını, Gəncə şəhərində, Göygöl, Samux, Daşkəsən, Tərtər rayonlarında da fərdi evlərin inşa edildiyini bildirib.
Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyatı qurumlara çatdırılması üçün qeydiyyata alınıb.