Bakı, 23 sentyabr, AZƏRTAC
Ötən həftə hərbi çevriliş nəticəsində vəzifədən kənarlaşdırılan Burkina-Fasonun müvəqqəti prezidenti Mişel Kafando vəzifəsinin icrasına qayıdacaq. Bu barədə qiyamçıların lideri, demokratiya milli şurasının rəhbəri briqada generalı Jilber Döndre məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sentyabrın 22-də Nigeriyanın paytaxtı Abuca şəhərində Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin Burkina-Fasodakı vəziyyətlə bağlı fövqəladə sammiti keçirilib. Sammitin ardından Seneqal, Toqo, Benin və Nigeriya prezidentləri böhranın həll edilməsi üçün vasitəçi missiyası ilə Burkina-Fasoya getmək niyyətində olduqlarını bəyan ediblər. Üsyançıların lideri general Jilber Döndre isə öz növbəsində dialoqu davam etdirmək istədiyini və böhranın sülh yolu ilə həllinə çalışdığını bildirib.
Xatırladaq ki, Burkina-Fasoda keçid dövrü keçən ilin payızında prezident Blez Kompaore rejiminin hakimiyyətdən getməsindən sonra başlayıb. Yeni seçkilərin keçirilməsi oktyabr ayına təyin olunsa da, sentyabrın 16-da ölkənin ali rəhbərliyinin fəaliyyətindən narazı qalan respublika ordusunun bir qrup zabiti müvəqqəti prezident Mişel Kafandonu, həmçinin Baş nazir İsaak Zidanı və hökumət üzvlərini girov götürmüşdü.
