Gəncə, 24 sentyabr, AZƏRTAC
Tarixdə indiyədək 14 min müharibə baş verib. Bu müharibələr nəticəsində 3,5 milyard insan həlak olub. Təəssüflər olsun ki, dünyanın bir sıra xalqları bu gün də müharibələrdən əziyyət çəkir. Dağlıq Qarabağ müharibəsi buna əyani sübutdur. Azərbaycan 20 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə cəlb edilib. Buna baxmayaraq ölkəmiz sülhməramlı siyasət həyata keçirir. İstər 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin atəşkəsin əldə olunması üçün ortaya qoyduğu iradə, istərsə də Prezident İlham Əliyevin torpaqlarımızın azad edilməsi üçün sülh yoluna sadiqliyi bunun bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Texnologiya Universitetində Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbirdə səslənib.
Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra universitetin rektoru, professor Akif Süleymanov, eləcə də müəllim və tələbələr çıxış edərək ikili standartlardan və dünyada baş verən müharibələrin törətdiyi acı nəticələrdən danışıblar.
Tədbirin sonunda iştirakçılar universitetin həyətinə gələrək havaya sülh rəmzi olan göyərçinlər buraxıblar.