Xaçmaz, 25 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Alekseyevka kəndinin qazlaşdırılması işləri başa çatdırılıb və Müqəddəs Qurban bayramı günündə yaşayış məntəqəsinə ilk dəfə “mavi yanacaq” verilib.
AZƏRTAC xəbər verir ki, yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə sentyabrın 25-də Alekseyevka kəndində keçirilən mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev mərasimdə çıxış edərək kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik edib. Bildirilib ki, ölkəmizin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri və yeni massivlər “mavi yanacaq”la təmin olunmaqdadır. Rövnəq Abdullayev bu istiqamətdə görülən işlərə diqqəti cəlb edərək gələn il respublika üzrə qazlaşdırmanın 95 faizə çatdırılacağını diqqətə çatdırıb.
Rövnəq Abdullayev gələn il əsas turizm zonalarından sayılan Nabran kəndinin də qazlaşdırılacağını mərasim iştirakçılarının diqqətinə çatdırıb. Bununla da Xaçmaz rayonunun qazlaşdırılması 80 faizə çatacaq.
Tədbirdə bildirilib ki, 375 abonenti olan Alekseyevka kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 min 840 metr müxtəlif diametrli polietilen, eləcə də 17 min 795 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xəttləri çəkilib. Abonentlərin hər biri üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kənd sakinləri bayram günündə yaşayış məntəqəsinə qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qaz xəttinin açılışını bildirən məşəllər alovlandırıldıqdan sonra kəndlərə təbii qaz verilib.