Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya idarəsinin istehsalat sahələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən elan olunmuş “Təhlükəsiz iş aylığı” ilə əlaqədar seminarlar keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin bütün istehsalat sahələrini əhatə etmiş seminarlarda “Təhlükəsiz əmək şəraiti”, “Fərdi Mühafizə Vasitələrindən istifadə”, “Təhlükəli vəziyyət və təhlükəli hərəkət”, “İş yerlərində STƏMM-lə tanışlıq” mövzularında maarifləndirici təqdimatlar keçirilib. Seminarlarda işçi personala Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiya haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, hələ 2014-cü ilin sentyabrında ölkəmizdə Dövlət Əmək Müfəttişliyi tərəfindən “Təhlükəsiz iş həftəsi”, 2015-ci ilin yanvar-fevral aylarında “Təhlükəsiz iş ongünlüyü”, aprel ayında “Təhlükəsiz iş aylığı” tədbirlərinin keçirilməsi istehsalat qəzası riski yüksək olan müəssisələrdə əməyin mühafizəsi vəziyyətinin daha da yaxşılaşdırılmasına təkan verib, işəgötürənlərin və işçilərin müvafiq mövzu ilə bağlı dolğun şəkildə məlumatlandırılması təmin edilib.
Seminarlar qarşılıqlı müzakirə şəklində aparılıb, işçi heyətin əmək şəraitinin daha da yaxşılaşdırılması istiqamətində təklif və rəylər dinlənilib.