Bakı, 28 sentyabr, AZƏRTAC
BMT-nin baş katibi Pan Gi Mun Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəhbəri Əşrəf Şıxəliyevi təşkilatın Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupuna üzv təyin edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stefen Obraynın rəhbərliyi altında fəaliyyət göstərən CERF-in əsas vəzifələrinə dünyanın müxtəlif bölgələrində baş verən humanitar böhranların törətdiyi fəsadların dərhal aradan qaldırılması üçün ziyan dəymiş ölkələrə təcili yardımların göstərilməsi daxildir.
CERF-in Məşvərət Qrupu isə Fondun strateji məqsədlərinin müəyyən edilməsi, vəsaitlərin sərfinə nəzarət, eləcə də Fondun idarə edilməsi ilə bağlı digər əlaqədar məsələlərdə BMT baş katibinə məsləhət vermə səlahiyyətlərinə malikdir. Qrupun üzvləri BMT baş katibi Pan Gi Mun tərəfindən üç il müddətinə təyin edilir.
AIDA Agentliyinin rəhbərinin CERF-in Məşvərət Qrupuna təyin edilməsi fövqəladə hallarla üzləşən dünya ölkələrinə göstərilən humanitar yardım əməliyyatlarında Azərbaycan Respublikasının yaxından iştirakının və verdiyi töhfələrin təzahürü olaraq yeni donor ölkəsi kimi beynəlxalq arenada daha da artan nüfuzunun göstəricisidir.