Bakı, 29 sentyabr, AZƏRTAC
İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn Türkiyə Respublikasının vətəndaşı Enes Necdet Aydoğdu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda “beşbarmağ”a bənzər əşyanın təsviri görünüb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin baqaja təkrar yoxlama zamanı E.N.Aydoğduya məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasından bir ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya kustar üsulla “beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır. Faktla bağlı təhqiqat aparılır.