Elmar Məmmədyarov: Beynəlxalq sülh və təhlükəsizliyə nail olunması üçün yalnız sülhməramlı əməliyyatlar kifayət etmir

10:38 29 Sentyabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Son on ildə BMT sülhməramlı əməliyyatlarının şəxsi heyətinin ölçüsünün artması və mandatının önəmli dərəcədə şaxələndirilməsi beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin miqyasının genişlənməsinə dəlalət edir. Digər tərəfdən, bu, BMT-nin mərkəzi təşkilat kimi qlobal sülh və təhlükəsizliyin saxlanılmasında beynəlxalq səylərin reallaşdırılması baxımından üzv dövlətlərin etimadını təsdiq edir.
Lakin beynəlxalq sülh və təhlükəsizliyə nail olunması üçün yalnız sülhməramlı əməliyyatlar kifayət etmir. Sülhməramlı əməliyyatlar adətən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması hallarında mövcud problemə münasibətə bir cavabdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən Sülhməramlılar Sammitindəki çıxışı zamanı bildirib.
Nazir deyib: “Sülhməramlı əməliyyatların əhəmiyyətini və töhfələrini kiçiltmədən biz daim xatırlamalıyıq ki, sülh və təhlükəsizliyin bərpası və qorunması üçün dövlətlər tərəfindən beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin, xüsusilə də dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərinə əməl etməsinin təmin olunması ilkin və öncül tələbdir”.
Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Azərbaycan BMT-nin sülhməramlı əməliyyatlarını beynəlxalq sülh və təhlükəsizliyin saxlanılmasında önəmli mexanizmlərdən biri kimi dəstəkləyir. Qonşu Ermənistan tərəfindən hərbi təcavüz, işğal və etnik təmizləməyə məruz qalmış və digər münaqişələrin qonşuluğunda yerləşən bir ölkə kimi Azərbaycan beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında regionda və onun hüdudlarından kənarda davamlı sülh və təhlükəsizliyin yaradılmasına sadiqdir. 1999-cu ildən Azərbaycan Kosovo, Əfqanıstan və İraqdakı sülhməramlı missiyaların hərbi heyətinə nəzərəçarpacaq dərəcədə töhfə verib. Hazırda Azərbaycan NATO tərəfindən Əfqanıstanda həyata keçirilən “Qəti dəstək” əməliyyatında iştirak edir. Biz Azərbaycanda təlim təchizi təminatı da daxil olmaqla BMT-nin sülhməramlı fəaliyyətlərini dəstəkləməkdə davam edəcəyik.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elmar_Memmedyarov_Beynelxalq_sulh_ve_tehlukesizliye_nail_olunmasi_uchun_yalniz_sulhmeramli_emeliyyatlar_kifayet_etmir-888058

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR