Kütləvi şizofreniya, yaxud 94 yaşlı erməni necə "güllələndi"...

Kütləvi şizofreniya, yaxud 94 yaşlı erməni necə "güllələndi"...
11:52 29 Sentyabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Əsgər anaları yeni etiraz kampaniyasına başlayırlar

Cari ilin iyunundan Ermənistanda başlanan etiraz aksiyaları getdikcə daha geniş miqyas almağa başlayır. Buna əsas səbəb xalqın hakimiyyətin bütün sferalarda, o cümlədən siyasi, iqtisadi, humanitar sahədə həyata keçirdiyi siyasətdən duyduğu narazılıqdır. Eyni zamanda hərbi sahədə də Serj Sarkisyan iqtidarının fəaliyyəti böyük etirazlara yol açmaqdadır.

Son dövrlərdə isə erməni tərəfinin cəbhə zonasında itkilərinin sayının artması bu etirazları daha da gücləndirir. Yeri gəlmişkən qeyd edək ki, sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir. Bütün bunlar isə ilk növbədə əsgər analarının hakimiyyətə qarşı daha sərt mövqedən çıxış etməsinə səbəb olur. Hakimiyyət itkiləri gizlətməyə çalışsa da, buna heç də həmişə nail ola bilmir. Elə bu səbəbdəndir ki, Ermənistan mediası Serj Sarkisyanın kriminal rejimini dezinformasiya yaymaqda ittiham edir.

Məsələn, "armpaper" saytı bu xüsusda hakimiyyətin çox maraqlı yalanlarını üzə çıxarıb. Burada rəsmi məlumatlara istinadən xatırlanır ki, 1932-ci il təvəllüdlü Paravakar kəndinin sakini Paytsar Aqadjanyan və Bardavan kəndinin sakinləri 1921-ci il və 1974-cü il təvəllüdlü Şuşan Asatryan və Sona Revazyan güllə yaralarından ölüblər. Həmçinin Berdavanda 2 kişi yaralanıb. Lakin aparılan araşdırmanın nəticəsində məlum olub ki, daha öncə qeyd olunan 83 və 94 yaşlı sakinlər qoca olduqlarından ölüblər, qalan itkilər haqqında məlumat isə uydurulub: "Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu "hücuma" cavab olaraq, bizim qüvvələrin Azərbaycan postunu məhv etdikləri və 5 əsgəri öldürdükləri deyilirdi, bu da növbəti bir yalandır. Qeyd olunan itkilər bizim itkilərdir. Həmişəki kimi hökumətimiz öz itkilərini gizlədir". 

Qeyd olunur ki, siyasi və iqtisadi böhran yaşayan Serj Sarkisyanın kriminal rejimi bu cür dezinformasiya yaymaqla cəbhə xəttində öz uğursuzluqlarını gizlətmək və böyük itkilərinə bir təsəlli tapmaq istəyir. Amma belə yalanlar həlak olmuş hərbi qulluqçuların valideynlərinin daha qəzəbli mövqedən çıxış etməsinə rəvac verir. Onların aksiyalarını isə hakimiyyət həmişəki kimi zor gücünə dağıtmağa üstünlük verir. 

Lakin hakimiyyətə qarşı çıxanlar təkcə əsgər anaları deyil. Serj Sarkisyanın hakimiyyətdə qalmasını uzatmaq üçün yeni konstitusiya islahatlarına gedilməsinə də etirazlar artır. Gümrü şəhərində konstitusiya islahatlarına qarşı çıxış edənlər islahatlar əleyhinə şüarlar səsləndiriblər. Gümrüdə keçirilən mitinqə "İrs" partiyasından olan deputatlar Raffi Ovanesyan, Zauri Postancyan və Ermənistan Milli Konqresinin təmsilçiləri də qatılıblar. 

Parlament təmsilçilərindən Ermənistan Milli Konqresi və "İrs" partiyasının nümayəndələri islahatlara qarşı "Yox" cəbhəsi yaradaraq ölkədə baş verəcək dəyişikliyə qarşı mübarizə aparırlar. "Yox" cəbhəsinin növbəti mitinqinin paytaxt Yerevanın Azadlıq meydanında oktyabrın 2-də keçirilməsi gözlənilir. Bu məsələ ilə bağlı Zauri Postancyan parlamentdə çıxış edərkən konstitusiya islahatlarına qarşı çıxış etməyə və Serj Sarkisyanı devirməyə çağırıb. 

Konstitusiya islahatları Ermənistanın prezident respublikasından parlament respublikasına çevrilməsini nəzərdə tutur. Serj Sarkisyanın təşəbbüskarı olduğu layihə referenduma çıxarılmadan əvvəl parlamentdə müzakirə olunur. Hakimiyyətin nəzarətində olan parlamentdə sənədin keçəcəyi şübhə doğurmur. Parlamentdən keçdikdən sonra layihə 2 ay ərzində ümumxalq səsverməsinə çıxarılacaq. Referendumun isə noyabrın sonlarında keçirilməsi planlaşdırılır.

Ermənistan Milli Konqresinin fraksiyasının rəhbəri Levon Zurabyan hesab edir ki, qanun layihəsi onun müəllifi, yəni prezident Sarkisyansız müzakirəyə çıxmamalıdır. Müxalifətin digər təmsilçisi Qaregin Çukaszyan isə bildirib ki, hazırkı hakim sistem antikonstitusion və avtoritar olduğundan, bu və ya digər idarəçilik formasının müzakirəsi mənasızdır. İslahatları dövlətçiliyə böyük zərbə adlandıran Çukaszyan hər kəsi birləşməyə və bu müdaxiləyə imkan verməməyə çağırıb: "Koalisiya yaratmaq və hakimiyyəti zəbt etmiş bandanın rəhbərindən istefasını tələb etmək vacibdir". 

Hər halda xalq indiki iqtidarın daha çox hakimiyyətdə qalmasını əngəlləmək üçün etirazları davam etdirmək niyyətindədir. Bu isə qarşıdakı dövrdə Ermənistanı yenə gərgin günlərin gözlədiyini deməyə əsas verir. 

Sosial və iqtisadi sahədə də narazılıqlar artır. Məsələn, Ermənistanda vergi ödəyiciləri Serj Sarkisyana və dövlət təsisatlarına etibar etmədiklərini daha açıq şəkildə dilə gətirirlər. Qeyd olunur ki, toplanan verginin əksəriyyəti korrupsiyaya qurşanmış məmurlar tərəfindən mənimsənilir. "Joxovurd" qəzetində bununla bağlı dərc edilən məqalədə Beynəlxalq İnkişaf Naminə Amerika Agentliyinin vergi araşdırması da əksini tapır. Bildirilir ki, Qafqaz Resurslar Mərkəzi vergi ödəyiciləri arasında rəy sorğusu keçirib. Məlum olub ki, respondentlərin 60 faizi ölkə prezidentinə etibar etmir. Sorğunun nəticələrinə görə, toplanan verginin əksəriyyəti korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilir. 

Rəyi soruşulanlar vergi qanunlarının vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmadığını bildiriblər. İqtisadçı Vaaqi Xaçaturyan qeyd edib ki, Ermənistan hakimiyyəti bütün müəssisələr üçün vergi ilə bağlı eyni şərait yaradılması barədə dəfələrlə səsləndirdiyi vədə ciddi yanaşmır. Hətta Ermənistan prezidentinin qardaşı Aleksandr Sarkisyanın iş adamlarından gəlirlərin yarısını aldığı bildirilir. 
Bütün bunların nəticəsidir ki, hakimiyyətin xalq arasında heç bir dayağı yoxdur. Bu gedişlə iqtidarın vaxtından əvvəl istefaya məcbur edilməsi də istisnalıq təşkil etmir.

"Azərbaycan" qəzeti


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/372037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR