Strasburq, 29 sentyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası ilə Ann Brasörün bu təşkilata sədrlik müddəti başa çatır. 2016-cı ilin yanvar sessiyasından etibarən bu quruma Azərbaycan üzrə keçmiş həmməruzəçi Pedro Aqramunt rəhbərlik edəcək. AŞPA-da qəbul edilmiş qaydaya görə hər sessiyanın başlanğıcında Assambleya sədri açılış nitqi edir və görülmüş işlər barədə hesabatını təqdim edir. Eyni zamanda, bu qəbil hesabatlarda yeni sessiyanın da başlıca hədəfləri üzərində dayanılır.
AŞPA-nın sədri xanım Ann Brasör təşkilata başçılıq etdiyi müddətdə, elə bundan əvvəl Avropa Naminə Liberal Demokratların Alyansı siyasi qrupuna rəhbərlik etdiyi vaxtlarda da Azərbaycana qarşı sərt münasibəti ilə seçilib. Bununla belə, payız sessiyasına giriş nitqində və nəşr edilərək yayılan hesabatında AŞPA sədri Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı məruzəyə xüsusi yer ayıraraq onun məziyyətləri barədə təqdiredici qənaətlərini bölüşüb. Diqqəti cəlb edən məqam Ann Brasörün bu sessiyada dinləniləcək 10-dan artıq vacib məruzə arasından məhz bu hesabatı seçməsidir. Rafael Hüseynovun məruzəsi “Etiqad azadlığı və demokratik cəmiyyətdə birgəyaşayış” adlanır və həmin mövzu Avropa Şurasının son illərdə daim diqqətdə saxladığı məsələlərdəndir. Dəyişən dünyada, xüsusən son illərin dramatik siyasi hadisələri axarında dinlər və mədəniyyətlər arasında dialoqun dərinləşdirilməsi işinə töhfə kimi qiymətləndirdiyi bu məruzəni AŞPA sədri qurumun mühüm nailiyyətlərindən saydığını bildirib. R.Hüseynovun məruzəsində qaldırılan ideyalara, Avropa Şurasında dinlər və ölkələr arasında mütəmadi müzakirələr aparılması üçün ayrıca dialoq platforması yaradılması təklifinə dəstək ifadə edilib.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq