Bakı. 5 oktyabr. REPORT.AZ/ Moskva Bankı "Çerkizovski" bazarının sabiq sahibi ACT şirkətlər qrupunun təsisçisi Telman İsmayılovun müflis olması ilə bağlı arbitraj məhkəməsində iddia qaldırıb. "Report" "Kommersant"a istinadən xəbər verir ki, Moskva Arbitraj Məhkəməsində oktyabrın 1-də qaldırılan iddia ərizəsində bildirilir ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevral ayına qədər Bank "Rusline 2000" ("Руслайн 2000") və Hollandiyanın "Tropicano Finance B.V." şirkətlərinə ümumilikdə 230 mln. dollar məbləğində üç kredit ayırıb. Bankın məlumatına görə, hər 2 şirkət AST ilə bağlı olub və kredit müqaviləsində benefisiar kimi çıxış edən Telman İsmayılov kreditin vaxtında ödənilməsinə görə şəxsi zəmanət verib.
T.İsmayılovun oktyabrın 1-nə o cümlədən, cərimə və vaxtı keçmiş faizlərlə bir yerdə, zamin kimi ümumi borcunun məbləği 286,4 mln ABŞ dolları təşkil edib.
Moskva Bankı T.İsmayılovun "uzun müddət maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə" onun müflis hesab edilməsi ilə bağlı iddia qaldırıb. Moskva Bankının daxil olduğu VTB qrupunun mətbuat xidməti iddianın qaldırılması faktını təsdiqləyib. İş adamı özü isə hələlik məsələ ilə bağlı heç bir şərh verməyib.