Gədəbəy, 8 oktyabr, AZƏRTAC
Respublikamızın digər bölgələrində olduğu kimi, Gədəbəydə də gənclər həqiqi hərbi xidmətə böyük həvəslə gedirlər.
AZƏRTAC xəbər verir ki, növbəti yolasalma mərasimi də həm çağırışçılar, həm də valideynlər üçün əsl bayrama çevrilib. Heydər Əliyev parkında keçirilən mərasimdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov çıxış edərək hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb və gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını sözsüz yerinə yetirməyi arzulayıb.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin rəisi İslam Məmmədov gənclərin hərbi xidmətə böyük həvəslə getmələrini ölkəmizdə ordu quruculuğundakı uğurların nəticəsi kimi dəyərləndirib.
Valideynlər çıxış edərək Vətənin keşiyinə yola düşən övladları ilə fəxr etdiklərini söyləyiblər.
Çağırışçılar üçrəngli Azərbaycan bayrağının altından keçərək hərbi hissələrə yola düşüblər.
Tədbirdə rayonun incəsənət ustaları geniş musiqi proqramı ilə çıxış ediblər.


