Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi əsasında işıq üzü görən “Nəticələr, təkliflər, tövsiyələr” adlı kitabın, layihə çərçivəsində təklif olunan turların və layihə nəticələrinə dair yekun hesabatın təqdimatı olacaq.
Layihə cari ilin aprel-sentyabr aylarında “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (İB) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirib.
İB-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində iyulun 22-dən 27-dək Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-ə yaxın obyektdə araşdırmalar aparılıb, 135 nəfər arasında sorğu keçirilib.