"Tərksilah barədə konfransın materiallarını oxudunuz? Qraf Bernstorfun çıxışını deyirəm... - bir məxməri jiletli başqa məxməri jiletliyə deyirdi.
- Bernstorf kəllədir! Bəs siz Snoudenin Birmingemdə, mühafizəkarların bu qalasında nitqindən xəbər tutubsunuzmu?
- Pfff! Nə danışırsınız?! Snouden kəllədir. Mənə baxın, Valiadis, - məxməri jilet yanındakı panamalı qocaya üz tutdu. - Snouden barədə nə fikirləşirsiniz?
- Sizə tam səmimi, açıq deyim ki, Snoudenin ağzına barmaq uzatmaq olmaz - adamın əlini udar. Məsələn, mən öz barmağımı onun ağzına soxmaram.
(İlya İlf və Yevgeni Petrov, "Qızıl dana")

Cənablar, bəlkə, öz işinizlə məşğul olasınız?

Madaqaskar və Efiopiyanın xarici işlər nazirlərinin görüşündə Norveç iqtisadiyyatının inkişaf yolları müzakirə olunarsa, yaxud Fransa və Tanzaniyanın iqtisadiyyat nazirlərinin BMT-nin baş katibi ilə görüşündə yapon kulinariyasının özəllikləri nəzərdən keçirilərsə, bu, ən azı, absurd təsiri bağışlayar.
Doğrudur, hansısa ölkənin və ya təşkilatın müəyyən məkanda maraqları ola bilər, həmin maraqlar da müzakirələri şərtləndirər.
Adi haldır.
Amma müəyyən məsələni heç bir səlahiyyətləri olmayan iki adam müzakirə edəndə, bununla da kifayətlənməyib açıqlama və bəyanatla çıxış edəndə tragikomik vəziyyət alınır.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı situasiya gərgindir, bəlli. Bu gərginliyi azaltmaq isə beynəlxalq təşkilatların birbaşa, bilavasitə vəzifəsidir.

Cənablar, bəlkə, öz işinizlə məşğul olasınız?
Amma nə yazıq ki, Cənubi Qafqaz bölgəsində maraqları olan ölkələrin hər biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən faydalanmağa çalışır, üstəlik münaqişə tərəfi olan Ermənistandan marionetka kimi yararlanırlar.
ATƏT-in baş katibi Lamberto Zanyer və MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanmasının yollarını müzakirə ediblər.
Lamberto Zanyer təcrübəli italyan diplomatdır. 2008-ci ilin iyun ayından 2011-ci ilin iyununadək BMT-nin Kosovodakı xüsusi nümayəndəsi, sonra da BMT-nin Kosovodakı müvəqqəti administrasiyasının rəhbəri olub.
2011-ci ilin iyun ayından bəri ATƏT-in baş katibidir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə de-yure olaraq ATƏT-in Minsk Qrupunun vasitəçiləri məşğul olurlar.
Ermənistan da KTMT üzvüdür.
İlk baxışdan L.Zanyer və N.Bordyujanın Dağlıq Qarabağ münaqişəsindən danışmağa haqları var. Çünki Zanyer vasitəçilərin təmsil etdikləri, Bordyuja isə Ermənistanın üzv olduğu qurumun rəhbəridir.
Amma əslində bu şəxslərin Dağlıq Qarabağ münaqişəsinin "çözüm yollarını aramaları" birmənalı təsir bağışlamır.
Səbəb isə ATƏT və KTMT sədrlərinin münaqişənin mahiyyətinə, prosessual detallarına, incəliklərinə və xüsusilə də indiki durumuna əsla bələd olmamalarıdır.

Cənablar, bəlkə, öz işinizlə məşğul olasınız?
Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri L.Zanyer bu konfliktlə bağlı heç bir açıqlama verməyib. Üstəlik, ATƏT nizamnaməsinə görə, L.Zanyer başçılıq etdiyi təşkilatın nəzdində yaradılan və həmin çərçivədə fəaliyyət göstərən Minsk Qrupunun işinə real təsir imkanlarına malik deyil.
Lamberto Zanyer ATƏT-in baş katibidir və bu baxımdan o, səlahiyyət çərçivəsindən kənara çıxaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqların gedişatını müzakirə edib.
Həmin səlahiyyət isə ATƏT-də yalnız sədr İvitsa Daçiçə məxsusdur.
KTMT sədri Nikolay Bordyuja da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində hansısa səlahiyyət sahibi deyil.
Göründüyü kimi, münaqişəni tamamən "dəxli olmayan" iki nəfər "təhlil edib" və bu, təsadüf deyil.

Cənablar, bəlkə, öz işinizlə məşğul olasınız?
KTMT sədri Nikolay Bordyuja Rusiyanın Cənubi Qafqazdakı yeganə forpostu Ermənistanın aqressiv mövqelərinə haqq qazandırmaq, terrorçu və işğalçılığı dövlət siyasəti səviyyəsinə yüksəltmiş Yerevanı dəstəkləmək üçün ATƏT-in baş katibi ilə "məsləhətləşmələr" aparıb, Zanyerə təsir etmək qərarına gəlib.
Krım və Ukrayna problematikasında sözügedən ikilinin indiyədək "çox məhsuldar" söhbətlər apardıqlarını xatırlasaq, KTMT üzvü Ermənistana müəyyən vədlərin verildiyi də istisna deyil.
Fəqət, həmin vədlər indiyədək olduğu kimi, puçdur. Azərbaycana belə ucuz tryuklar vasitəsilə təzyiq etmək mümkün olmadığından Dağlıq Qarabağ məsələsində də Bakını hansısa "şərtlər"lə razı salmaq illüziyadır.
Cənablar Zanyer və Bordyujanın niyyətləri nə olsa da...

Başqasının işinə qəfil "müdaxilə"nin nə ilə nəticələnə biləcəyini isə bu videoda görə bilərsiniz.

Cənablar, bəlkə, öz işinizlə məşğul olasınız?фото

Orxan Hun
Milli.Az