Bakı, 14 oktyabr, Laçın Sultanova, AZƏRTAC
Biz Gürcüstanla Türkiyəni birləşdirəcək Qars-Axalkalaki dəmir yolu sahəsinin tezliklə istifadəyə veriləcəyini nəzərə alaraq bu dəhlizin potensialını yüksək qiymətləndirir və hesab edirik ki, 2020-ci ilə qədər bu tranzit marşrutu üzrə daşımaların həcmi ildə 300 min konteynerə çatacaq.
AZƏRTAC xəbər verir ki, “Qazaxıstan temir jolı” səhmdar cəmiyyətinin prezidenti Askar Mamin bu sözləri “Azərbaycan Respublikasının tranzit potensialının inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən brifinqdə söyləyib. Qazaxıstan dəmir yolunun rəhbəri deyib: “Çin ilə Qafqaz ölkələri, Çin ilə Türkiyə arasında ticari münasibətlərin inkişafı, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycandan keçməklə Avropa istiqamətində Asiya-Avropa yerüstü tranzit marşrutlarının inkişaf etdirilməsi planları da buna kömək edəcək. Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialı çox yüksəkdir. Qazaxıstan ölkəmizdən keçən bu nəqliyyat servisini tam təmin etmək üçün bütün zəruri infrastrukturu hazırlayır. Ölkəmiz bu işə öz töhfəsini verir. Biz Qazaxıstanın mərkəzindən Aktau limanına və daha sonra Bakıya qədər məsafəni azaltmaq üçün min kilometr yol çəkmişik. Beləliklə, bu marşrutun rəqabət qabiliyyətinin artırılmasına biz də öz töhfəmizi veririk”.
A.Mamin qeyd edib ki, təqribi hesablamalara görə, 2020-ci ildə Azərbaycan dəmir yolları təkcə tranzit daşımalarının artırılması hesabına 600-700 milyon dollar məbləğində əlavə gəlir əldə edə biləcək.