Bakı, 14 oktyabr, Nihat Budaqov, AZƏRTAC
Oktyabrın 14-də "Caspian European Club”un təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin iştirakı ilə biznes-forum keçirilib.
AZƏRTAC xəbər verir ki, “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev çıxış edərək biznes-forum barədə məlumat verib. Qeyd edib ki, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapmaq, Azərbaycanın neft və qaz sektoru ilə bağlı müzakirələr aparmaq imkanı əldə edəcəklər.
Akademik Xoşbəxt Yusifzadə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanda neft sənayesinin yeni dövrünün başlaması, kəşf olunan yeni yataqlar barədə danışıb. O həmçinin, "Şahdəniz" yatağı və onun perspektivləri, yeni kəşf olunan qaz-kondensat yataqları "Ümid", "Abşeron", Azərbaycanda hasil olunacaq qazı Avropaya daşıyacaq "Cənub" qaz dəhlizi və onun tərkib hissələri TANAP, TAP layihələri barədə məlumat verib.

