Tokio, 15 oktyabr, AZƏRTAC.
Yaponiyanın cənub-qərbində yerləşən Kaqoşima prefekturasındakı “Senday” atom elektrik stansiyasının (AES) ikinci reaktorunun fəaliyyəti bərpa olunub. Bu barədə AES-in operatoru “Kyushu Electric Power Co.” (KEPCO) şirkəti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, reaktordan alınacaq elektrik enerjisi 21 oktyabrda sistemə buraxılacaq. Bundan sonra isə reaktorun gücü artırılacaq. Bir sıra yoxlamalar aparıldıqdan sonra noyabrın ortalarından etibarən reaktor tam gücü ilə işləyəcək.
Oktyabrın 14-də reaktorda aparılan yoxlamalar zamanı heç bir çatışmazlıq müəyyən olunmayıb.
Qeyd edək ki, “Senday” AES 2011-ci ilin martında “Fukusima-1” AES-dəki qəzadan sonra Yaponiyada fəaliyyəti dayandırılmış atom rekatorları arasında son iki ildə işi bərpa olunan ilk stansiyadır. Onun ilk reaktoru cari il avqustun 11-də fəaliyyətini bərpa edib. Həmin ayın sonlarından başlayaraq bu reaktor tam gücü ilə işləyir. AES-dəki bu iki reaktor eyni quruluşa malikdir və hər birinin gücü 890 MBt təşkil edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio