Bakı, 15 oktyabr, AZƏRTAC
“Intel”, “Microsoft”, “Hewlett-Packard”, “Dell” və “Lenovo” kompyuter istehsalçıları fərdi kompyuterlər bazarında vəziyyəti yaxşılaşdırmaq məqsədilə səylərini birləşdirərək alyans yaradıblar.
AZƏRTAC “Hi-News” saytına istinadla xəbər verir ki, alyans potensial alıcılara fərdi kompyuter alışından əldə edilən faydanı çatdırmaq üçün “PC Does What?” adlı geniş reklam kampaniyası təşkil etmək qərarına gəlib. Televiziya reklam çarxlarında və onlayn reklamda tamaşaçılar müasir kompyuterlərin nəyə qadir olmasını və onların insan həyatını necə dəyişə bilməsini görmək imkanı əldə edəcəklər.
Tarixən kompyuter reklamına əsas töhfəni "Intel” və “Microsoft” şirkətləri verib, lakin bu dəfə iri fərdi kompyuter istehsalçıları bu işdə həmkarlarına dəstək olacaqlar. Reklam kampaniyası əvvəlcə ABŞ və Çində işə salınacaq.
Kampaniyaya xərclənən məbləğ barədə xəbər verilməsə də, bəzi məlumatlara görə, onun büdcəsi bu bazar seqmentində illik reklam xərclərinə bərabər olacaq ki, bu da 300 milyard dollar təşkil edəcək.