Bakı, 16 oktyabr, AZƏRTAC
2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq, Bakı şəhərinin küçə və prospektlərində səth normal sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya quyularının təmizlənməsi işləri həyata keçirilir.
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirilib ki, işlər çərçivəsində yol kənarlarında yerləşən yağış barmaqlıqları çıxarılır, yağış-kanalizasiya quyularının içərisi təmizlənir. Bundan başqa yağış barmaqlıqları olmayan yerlərdə yeni barmaqlıqlar qoyulur, dəyişilməyə ehtiyac olanlar isə yeniləri ilə əvəzlənir. İşlər Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin balansında olan və yağış-kanalizasiya sisteminin olduğu bütün küçə, prospektlərdə aparılır.
“Azəryolservis” ASC tərəfindən bu çərçivədə Ziya Bünyadov, Tbilisi, Azadlıq, Neftçilər, Heydər Əliyev və Nobel prospektlərində, Həsən Əliyev, Səməd Vurğun, Salamzadə, Bakıxanov, Ağa Neymətulla,Təbriz küçələrində, həmçinin Lökbatan dairəsi-Bibihetbət yolu, Binəqədi şosesi və Hava limanı istiqamətində başlanılan işlər artıq yekunlaşmaq üzrədir.
Bu istiqamətdə işlər nəinki paytaxt Bakının küçə və prospektlərində, həmçinin respublikanın bütün avtomobil yollarında da həyata keçirilir. Belə ki, körpülər yerləşən ərazidə çayların yataqları, suötürücü boruların giriş-çıxış hissələri və küvetlər təmizlənir.

