Bakı. 16 oktyabr. REPORT.AZ/ "Milli Televiziya və Radio Şurası (MTRŞ) yarandığı vaxtdan ANS Müstəqil Yayım və Media Şirkəti qurumun çıxardığı qərarlarla bağlı hər zaman əks mövqe nümayiş etdirib və bir neçə dəfə məhkəməyə müraciət edib".
Bunu "Report"a açıqlamasında MTRŞ-nin Hüquq şöbəsinin müdiri Nemət Cavadov deyib. Onun sözlərinə görə, bu günə kimi ANS-lə bir necə məhkəmə çəkişməsi olsa da, onlardan yalnız biri ANS-in lehinə qərarla yekunlaşıb: "ANS TV MTRŞ-nın çıxardığı qərarlarla heç bir zaman razılaşmayıb. Bir neçə dəfə məhkəmə iddiası qaldırsa da, onlardan yalnız birində iddiası təmin olunub. Efirdə insanların daxilindən cin çıxarılması prosesinin uşaqların psixologiyasına mənfi təsir göstərdiyini açıqladığımıza görə MTRŞ-nı məhkəməyə vermişdilər. Orada tibbi ekspertlərin hansı arqumentdən çıxış etdiklərini bilmirəm, amma bu halın uşaqlara mənfi təsir etmədiyini bildirilər. Məhkəmə ekspertlərin rəyinə əsasən ANS-in iddiasını təmin etmişdi".
N.Cavadov bildirib ki, digər məhkəmələr hər zaman MTRŞ xeyrinə bitib.
ANS sonuncu dəfə MTRŞ-nı "Salam Azərbaycan" verilişinin yayımını dayandırdığına görə məhkəməyə verib. "Digər verilişlərlə bağlı MTRŞ-nı məhkəməyə vermələri ilə bağlı bildiriş almamışıq", - N.Cavadov bildirib.