Naftalan, 19 oktyabr, AZƏRTAC
Naftalan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində “Regionlarda fiziki qüsurlu şəxslər üçün şəraitin yaxşılaşdırılması məqsədilə monitorinqlərin aparılması və onların cəmiyyətə adaptasiyasına dəstək” layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Layihənin təqdimat mərasimində çıxış edənlər diqqətə çatdırıblar ki, əsas məqsəd bölgədə olan fiziki qüsurlu insanların monitorinqini aparmaq, onların sosial problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirməklə cəmiyyətə adaptasiyalarına dəstək olmaqdır.
Tədbirdə şəhid ailələrinin üzvləri, eləcə də Qarabağ müharibəsi əlilləri layihənin əhəmiyyətindən danışıb, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.