Dörd fəsildən ibarət olan kitabın geosiyasi nəzəriyyələrin XX əsrdəki transformasiyasına həsr olunmuş birinci fəsli müasir geosiyasi konsepsiyalardan bəhs edir. Sonrakı iki fəsildə Azərbaycanın xarici siyasətinə qlobal və regional geosiyasi meyillərin qarşılıqlı əlaqəsi prizmasından, güclü dövlət konsepti və regional liderlik arasındakı əlaqəyə bölgə səviyyəsində geosiyasi oyunçu kimi formalaşma imkanları müstəvisindən baxılır.
Müasir dövr yeni dünya nizamının təşəkkül tapması, geosiyasi təsiri olan çoxlu sayda ölkənin meydana çıxması ilə səciyyələnir. Müəllifin fikrincə, bizim üçün aktual məsələ Azərbaycanın bu prosesin harasında qərar tutması və həmin istiqamətdə mümkün yeniləşmə meyillərinə hazır olmasıdır. Novruz Məmmədov bununla bağlı mülahizələrini kitabın “Güclü dövlət konsepti və regional liderlik” adlı üçüncü fəslində oxucularla bölüşür.
Əsərin yekunu olan dördüncü fəsil isə xarici siyasətin prioritetlərinin bir-biri ilə əlaqəsinin təhlilinə həsr edilib.
Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyinin dəstəyi ilə Berikan yayım evi tərəfindən çap olunan kitab tələbələr, doktorantlar, ali məktəb müəllimləri, beynəlxalq münasibətlər problemlərini öyrənən tədqiqatçılarla yanaşı, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Kitabı türk dilinə Cavid Abdullazadə tərcümə edib.