Naxçıvan, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu Himayəçilik Şurasının sədr müavini Əli Həsənov tədbirdə çıxış edərək deyib ki, Azərbaycanın qədim Naxçıvan torpağı görkəmli şəxsiyyətlər yetişdirib. Belə şəxsiyyətlərdən biri də Əziz Qurbanəli oğlu Şərifzadədir. Bu il Əziz Şərifin anadan olmasının 120 illiyi tamam olur. Onun Azərbaycan elmi və ədəbiyyatı qarşısında müstəsna xidmətlərini nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2015-ci il yanvarın 26-da “Görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb və yubileylə əlaqədar Tədbirlər Planını təsdiq edib. Tədbirlər Planına əsasən muxtar respublikanın təhsil və mədəniyyət müəssisələrində Əziz Şərifin həyat və yaradıcılığını əks etdirən guşələr yaradılıb, elmi və oxucu konfransları keçirilib. Bununla yanaşı, Əziz Şərifin 120 illiyi ilə bağlı poçt markaları buraxılıb, “Naxçıvan” jurnalının bir nömrəsi Əziz Şərifin yubileyinə həsr olunub. İl ərzində Əziz Şəriflə əlaqədar elmi tədqiqatların əhatə dairəsi daha da genişləndirilib, “Əziz Şərif: taleyi və sənəti” kitabı çap olunub, Naxçıvan Dövlət Televiziyası Əziz Şərif barədə sənədli film hazırlayıb. Ali Məclis Sədrinin tapşırığı əsasında Naxçıvan şəhərində Əziz Şərifin adını daşıyan küçə, eləcə də Əziz Şərifin və yaxınlarının məzarları abadlaşdırılıb. Bu gün isə muxtar respublika rəhbərinin tövsiyəsi ilə Əziz Şərifin 120 illik yubileyi yüksək səviyyədə - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu Himayəçilik Şurasının birgə təşkilatçılığı və muxtar respublika ziyalılarının, alim və tədqiqatçılarının iştirakı ilə geniş tərkibdə qeyd olunur.
Əli Həsənov Əziz Şərif irsinə və şəxsiyyətinə göstərdiyi böyük diqqət və qayğıya görə yubiley tədbirinin iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Əziz Şərifin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar verdiyi Sərəncamın çox mühüm əhəmiyyəti vardır. Bu Sərəncam bir tərəfdən yaradıcı şəxslərə və ziyalılara göstərilən dövlət qayğısını yüksək səviyyədə ifadə edirsə, ikinci tərəfdən bu, 1996-cı ildən başlayaraq muxtar respublika Ali Məclisi Sədrinin müəyyənləşdirdiyi xəttin - tarixi şəxsiyyətləri yenidən xalqa və ictimai həyata qaytarmaq, onlar barəsində elmi tədqiqatlar aparmaq və əsərlərini nəşr etdirmək xəttinin davamıdır. Ali Məclis Sədrinin bu istiqamətdə verdiyi tapşırıqların mühüm elmi və ictimai nəticələri olub, Bəhruz Kəngərlinin, Məhəmməd Tağı Sidqinin, Məhəmməd ağa Şahtaxtlının, Behbud ağa Şahtaxtinskinin, Cəmşid Naxçıvanskinin, Məmməd Səid Ordubadinin, Yusif Məmmədəliyevin, İslam Səfərlinin, Məmməd Arazın, Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin yubileyləri keçirilib, müstəqillik dövrünün yaratdığı yeni imkanlardan istifadə olunaraq bu şəxsiyyətlər barədə elmi araşdırmalar aparılıb, onların yaradıcılıqları, keçdikləri nümunəvi həyat yolu yenidən ictimai-pedaqoji və elmi-bədii düşüncənin predmetinə çevrilib. Bu baxımdan böyük ədəbiyyatşünas alim və tədqiqatçı, görkəmli pedaqoq, publisist və tərcüməçi Əziz Şərifin də xidmətləri unudulmayıb. Ali Məclis Sədrinin Sərəncamında çoxcəhətli fəaliyyəti ilə xalqa və ədəbiyyata xidməti özünə həyat kredosu seçmiş Əziz Şərif haqqında deyilir ki, XX əsrdə elmi-ədəbi fikrin inkişafında mühüm xidmətləri olan bu böyük şəxsiyyət “Molla Nəsrəddin məktəbindən aldığı ideyaları ədəbiyyatda, elmdə və ictimai mühitdə gerçəkləşdirməklə Azərbaycan ədəbiyyatşünaslığının möhkəm bünövrəsini yaratmışdır. O, xalqımızın milli-mədəni irsinin fədakar təbliğatçısı olmuş, sağlığında pedaqoq və elm xadimi kimi şöhrət qazanmışdır”.
Əli Həsənov deyib ki, yeniyetməlik illərindən mətbuatda müxtəlif mövzularda ədəbi-tənqidi məqalələr dərc etdirən Əziz Şərif sonralar Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı ilə bağlı tədqiqatlar aparıb, bir çox məktub, sənəd və fotoşəkillər, xeyli qiymətli əlyazmalar aşkarlayıb, elmi-ədəbi mühitə dəyərli töhfələr verib. Əziz Şərifin əsərləri XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixini, ədəbi-mədəni əlaqələrini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir. Xalqımızın böyük ziyalısı özündən sonra qiymətli irs qoyub gedib. Bunların içərisində memuar və ya xatirə ədəbiyyatı adlandırılan materiallar böyük dəyərə malikdir. “Ana dilindən başqa heç bir dil bilməyən yazıçı, nə qədər istedadlı olsa da, yüksək bədii tərcümə yarada bilməz” – deyən Əziz Şərif bədii tərcümə sahəsində uğurlu fəaliyyəti ilə də ədəbiyyatımızın inkişafına böyük töhfələr verib. Professor Əziz Şərif çoxşaxəli yaradıcılıq fəaliyyəti, ləyaqətli vətəndaş mövqeyi ilə Azərbaycan ziyalılarının ən mötəbər nümayəndələri sırasında özünəməxsus yer tutur. Bu gün bu yerin məna və əhəmiyyəti – Azərbaycan naminə xidmət məramı özünü bütün aydınlığı ilə göstərir, gələcəkdə də göstərəcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü İsmayıl Hacıyev “Əziz Şərifin həyat və yaradıcılığı” mövzusunda çıxış edərək deyib ki, Əziz Şərif ilk təhsilini Naxçıvan şəhər rus-tatar məktəbində alıb. Əziz Şərif 1915-ci ildə Tiflis gimnaziyasında, 1915-1917-ci illərdə Moskva Kommersiya İnstitutunda oxuyub, 1935-ci ilə qədər Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində və Xalq Komissarları Şurasında müxtəlif vəzifələrdə işləyib. Bununla yanaşı o, 1920-30-cu illərdə Tiflisdə mətbuat, nəşriyyat sahəsində çalışıb, sonra Tiflis Müəllimlər İnstitutunda dərs deyib. 1943-cü ildə Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirib. Əziz Şərif 1947-ci ildə “Əbdürəhim bəy Haqverdiyevin dramaturgiyası” mövzusunda namizədlik, 1956-cı ildə isə “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının birinci dövrü (1866-1905)” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib, 1962-ci ildə professor elmi adına layiq görülüb. 1962-ci ildən o, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində professor, kafedra müdiri kimi səmərəli fəaliyyət göstərib, Azərbaycan ədəbiyyatını rusdilli auditoriyada layiqincə tədris və təbliğ edib.
“Əziz Şərifin tədqiqatlarında mollanəsrəddinçilər və dünya ədəbiyyatı problemi” mövzusundakı çıxışında Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərli diqqətə çatdırıb ki, Azərbaycan ədəbiyyatşünaslığında Əziz Şərifin adı mollanəsrəddinşünaslığın inkişaf tarixində xüsusi ehtiramla çəkilir. Alimin ayrı-ayrı mollanəsrəddinçilərin dünya ədəbiyyatı ilə bağlılıqları haqqında söylədiyi fikirlər bu aktual problemin öyrənilməsinə baxımından xüsusi əhəmiyyət kəsb edir. Əziz Şərifin mollanəsrəddinçilər və dünya ədəbiyyatı problemi ilə bağlı müddəalarına daha çox alimin Cəlil Məmmədquluzadəyə dair yazdığı tədqiqat əsərlərində rast gəlirik. Böyük alimin “Molla Nəsrəddin” necə yarandı” monoqrafiyası Cəlil Məmmədquluzadənin ömür və sənət yolunu əhatəli şəkildə dəyərləndirmək baxımından qiymətlidir.
Tədbirdə “Naxçıvan” Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva "Əziz Şərif və Naxçıvan ədəbi mühiti" mövzusunda çıxış edib. Qeyd olunub ki, Əziz Şərifin ilk yazısı 1906-cı ildə “Molla Nəsrəddin ” jurnalının 16-cı sayında dərc olunan “Naxçıvandan məktublar” felyetonudur. İlk yazısının belə doğulub boya-başa çatdığı Naxçıvan torpağı ilə, buradakı ədəbi mühitlə bağlı olması ədibin vətəninə olan sevgisinin, həmyerlilərinə olan məhəbbətinin təzahürüdür. O, hər zaman Naxçıvanla, buradakı ədəbi proseslə, ictimai-ədəbi həyatla, maarif və mədəniyyətin inkişafı ilə, Naxçıvan ziyalıları və maarifpərvərləri ilə daim maraqlanıb, Naxçıvan ədəbi mühiti ilə əlaqəsini heç zaman kəsməyib, bu mühit haqqında əsaslı fikirlər söyləyib. Onun Əliqulu Qəmküsar, Rzaqulu Nəcəfov, Rza Təhmasib, Hüseyn Cavid ilə bağlı xatirələri, söylədiyi qiymətli fikirlər, yazdığı məqalələr o dövrün mədəni inkişafının mənzərəsini gözümüz önündə canlandırır. Ədəbiyyatşünas alim vətənindən uzaqda yaşamasına baxmayaraq tez-tez Naxçıvana gəlib, ziyalılarla, tələbələrlə görüşüb, mühazirələr oxuyub, öz dəyərli məsləhətləri ilə buradakı ədəbi mühitə yol açıb.
Yubiley tədbirinin sonunda görkəmli pedaqoq və elm xadimi Əziz Şərifin məqalələrindən parçalar oxunub.
