Müğənni Ayan Babakişiyeva həmkarı Nadir Qafarzadə ilə ikinci duetini təqdim edib. Bu barədə Lent.az-a A.Babakişiyeva məlumat verib. O bildirib ki, yeni ifa etdikləri “Xəyanətkar” adlı mahnının söz və musiqisi bəstəkar Rövşən İlknuriyə məxsusdur: “Yenidən bir araya gəlməyimiz yaxşı oldu. Gözəl bir iş ərsəyə gəldiyini düşünürəm. Nadir mənim duet ortağımdan əlavə, yaxın dostumdur. Onunla işbirliyimiz bununla bitmir. Gözləməyə dəyər”.

Duet barədə müğənni N.Qafarzadə də fikirlərini bölüşüb: “Ayanla birgə ifa etdiyimiz “Sənin üçün” mahnısı çox sevildi və “Youtube” şəbəkəsində yaxşı baxış sayı yığdı. Həmin mahnını 2013-ci ildə oxumağımıza baxmayaraq, hələ də sevilir. Bu mahnı sevildikdən sonra növbəti dəfə duet oxumaq qərarına gəldik. Yeni ifa edəcəyimiz bəstənin də seviləcəyinə əminəm”.

Qeyd edək ki, Ayanla Nadirin 2013-ci ildə ifa etdikləri "Sənin üçün" mahnısı ilin dueti seçilib və “Youtube” şəbəkəsində 6 milyondan çox baxış sayı yığıb.