Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə maliyyə savadlılığının artırılması məqsədilə hazırladığı yeni portalı istifadəyə verib.
Bankdan AZƏRTAC-a bildirilib ki, portal əhalinin müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması, nəticədə onlarda rasional maliyyə davranışlarının inkişaf etdirilməsi və yığım mədəniyyətinin formalaşdırılmasına xidmət edəcək.
Portalda iqtisadiyyat və maliyyə sahəsindən maarifləndirici xarakterli materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar, virtual muzey və məktəblilər üçün rubrikalar yer alıb.
Bununla yanaşı portal texniki cəhətdən rahat və müasir istifadə imkanlarına malikdir. Belə ki, istənilən mobil cihazlar vasitəsilə portaldakı məlumatlarla tanış olmaq mümkündür. Portaldan www.bizimpullar.az elektron səhifəsi vasitəsilə faydalanmaq olar.