Bakı, 23 oktyabr, AZƏRTAC
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi Zaur Şərifov 24 ünvanında yaşayan bir necə nəfər mədə-bağırsaq pozuntusu ilə müalicə-profilaktika müəssisələrinə müraciət edib.
Bunu AZƏRTAC-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdirı Ziyəddin Kazımov deyib. “Aparılan araşdırmalar nəticəsində məlum olub ki, içməli suda normadan kənara çıxma halları olduğu üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və “Azərsu” ASC tərəfindən lokal ərazidə sağlamlaşdırma tədbirləri həyata keçirilib. Hazırda təkrar götürülmüş su nümunələrində göstəricilər norma daxilindədir. Hospitalizasiya olunmuş xəstələrin hazırda heç bir şikayəti yoxdur”, - deyə Z.Kazımov bildirib.
Onun sözlərinə görə, hazırda su nümunələrində göstəricilərin normadan kənara çıxmasının səbəbləri araşdırılır. Mərkəzin rəsmisi mədə-bağırsaq pozuntusu halının içməli suya çirkab sularının qarışması səbəbindən baş verməsi barədə söylənilən fikirlərin əsassız olduğunu söyləyib.