Bakı, 23 oktyabr, AZƏRTAC
Gücü Saffir-Simpson cədvəli üzrə maksimal 5 bala çatan “Patrisiya” qasırğası Sakit Okean üzərindən Meksika sahillərinə doğru irəliləyir. Ölkənin su ehtiyatları üzrə milli komissiyanın baş direktoru Roberto Ramires de la Parranın bildirdiyinə görə, bu, meteoroloji müşahidələrin başladığı 1959-cu ildən bəri güclü qasırğadır.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, yaxınlasan qasırğa ilə əlaqədar Halisko, Nayarit və Kolima ştatlarının sahilyanı rayonlarında fövqəladə vəziyyət elan olunub, təhlükəli ərazilərdən on minlərlə insan təxliyə edilib. Əhaliyə içməli su və qida ehtiyatı toplamaq, həmçinin fənər və radioqəbuledici götürmək tövsiyə olunub. Təxliyə edilən insanların 50 mini xüsusi hazırlanmış sığınacaqlara yerləşdirilib.
Hazırda Mansanilyo şəhəri rayonunda, sahildən 300 kilometr aralıda olan “Patrisiya” qasırğasının təsir dairəsinin diametri 400 kilometrə, sürəti saniyədə 70 metrə, bəzi hallarda isə 90 metrə çatır. Onun bu gün Halisko ştatı yaxınlığında quru əraziyə girməsi gözlənilir
Xatırladaq ki, iki il əvvəl gücü “Patrisia”dan xeyli zəif olan “İnqrid” və “Manuel” qasırğaları yüzlərlə meksikalının həyatına son qoymuş, yüz minlərlə insan xəsarət almışdı.