Bakı, 23 oktyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınların problemlərinin həllinə, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 21-dən məhkumların istəklərinə uyğun olaraq 19 məhkum qadın üçün qısamüddətli aşpaz, qənnadçı, kulinar peşə hazırlığı kurslarına start verilib.
“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına (2011-2015-cı illər)” müvafiq olaraq, Komitə tərəfindən cəza çəkən qadınların azadlığa hazırlanması, habelə azad olunduqdan sonra onların qısa müddət ərzində işlə təmin olunmalarında köməklik məqsədilə keçirilən peşə kursları 3 ay müddətinə davam edəcək.