Bakı, 24 oktyabr, AZƏRTAC
Aşura günü ilə əlaqədar oktyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) də qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak ediblər.
Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində Aşura mərasiminin ölkəmizdə fərqli formada təşkil olunduğunu deyib: “Kərbəla şəhidləri ilə bərabər biz öz şəhidlərimizə də dualar oxuyuruq, ehtiyacı olanlara qan veririk. Qanvermə ilə bağlı Azərbaycanın müsbət ənənələri artıq başqa müsəlman ölkələrində də yayılır. Bizdən sonra həmin ölkələrdə də Aşura günündə qan verməyə başlayıblar”.
Şeyxülislam bildirib ki, Aşura günündə insanlar özlərinə əziyyət verməməli, bədənlərinə xəsarət yetirməməlidirlər. Həmin gün qanvermə aksiyasında iştirak etmək ən düzgün yoldur.
QMİ sədri Azərbaycanda tolerantlığın, dövlət-din münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Şeyxülislam ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib