Bakı, 26 oktyabr, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərin böyük hissəsi yekunlaşdırılıb.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmaqla 3 mərhələdə həyata keçirilir.
İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Pirsaatçay seçilib. Layihənin birinci mərhələsi çərçivəsində çayın məcrasında 2441 metr uzunluğunda drenaj tipli suqəbuledici və xlorator qurğuları, ümumi həcmi 1000 kubmetr olan 2 ədəd su anbarı, 3 ədəd su nasos stansiyası tikilib. Layihə çərçivəsində su mənbəyindən anbarlara qədər 3,4 kilometr özüaxımlı magistral və anbarlararası kəmərlər çəkilib və laboratoriya binası inşa edilib.
Layihənin ikinci mərhələsində Şamaxı şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirilib. Su təchizatının dayanıqlığını və özüaxımlı rejimdə nəqlini təmin etmək üçün ümumi tutumu 7 min kubmetr olan 4 ədəd anbar inşa edilib. Şəhər üzrə layihələndirilmiş 131 kilometr içməli su şəbəkənin 125 kilometrlik hissəsində işlər başa çatdırılıb, 7 minə yaxın ünvana birləşmə verilib. Eyni zamanda 130 kilometr kanalizasiya şəbəkəsinin 114 kilometrlik hissəsində işlər yekunlaşıb, şəbəkə üzərində 2692 ədəd kanalizasiya baxış quyusu inşa edilib. Kanalizasiya şəbəkəsinin hazır hissəsinə 4100 ünvan qoşulub.
Şamaxı şəhərində yaranacaq tullantı suların təmizlənməsi layihəsinin sonuncu mərhələsi çərçivəsində hazırda çirkab sutəmizləyici qurğunun inşası davam etdirilir.
Şamaxıda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir
Şamaxıda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir
Şamaxıda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir
Şamaxıda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir
Şamaxıda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir