Bakı, 26 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtda rayonlar üzrə ayrı-ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, növbəti səyyar qəbul oktyabrın 30–da olacaq. 1 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula Nəsimi və Binəqədi rayonlarının məktəblərinin və məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllimləri, habelə valideynlər müraciət edə bilərlər.
Səyyar qəbul saat 10.00–da başlanacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədi daşıyır.
Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrənilir, problemli məsələlər həll edilir və lazımi təşkilati və maarifləndirmə tədbirləri görülür.