"Hazırda Azərbaycan Yaponiya ilə neft-qaz, energetika, maliyyə sahələrində əməkdaşlıq edir. Ölkəmizin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə səmərəli əlaqələri vardır. Azərbaycanda Yaponiya investisiyalı 18 şirkət qeydiyyata alınıb".
Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın qeyri-neft sahəsində genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb. Azərbaycan və Yaponiya kimya sənayesi, polad istehsalı, əczaçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əməkdaşlıq edə bilərlər.
Nazir deyib ki, Azərbaycanın neft-kimya sahəsində geniş potensialı və təbii resursları var. Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. Artıq sənaye parkında 4 rezident qeydiyyatdan keçib və rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 mlrd. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur. Nazir Şahin Mustafayev Sumqayıt Kimya Sənaye Parkında Yaponiya şirkətlərinin iştirakının və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Azərbaycanda dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığı, bu sahədə Yaponiyanın “Marubeni Corporation” şirkətinin məsləhət xidməti göstərdiyi bildirilib. Qeyd edilib ki, Yaponiya şirkətləri bu sahədə podratçı qismində iştirak edə, həmçinin investisiya yatıra bilərlər.
Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarini Azərbaycana səfərindən məmnun olduğunu deyib və Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərin əlaqələrimizin inkişafı baxımdan əhəmiyyətli olacağını vurğulayıb. Akira Amarini ölkələrimiz arasında iqtisadi əməkdaşlığın imkanlarına dair fikirlərini bölüşüb.
Tədbirdə həmçinin kimya sənayesi, metallurgiya, əczaçılıq və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının təqdimatı keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.