Tamilla Huseynova adlı oxucu Milli.Az-a məktubla müraciət edərək "Kapital Bank"dan şikayəti olduqlarını bildirib. Onun sözlərinə görə, anası, 1944-cü il təvəllüdlü Quliyeva Gülzar Qüdrət qızının ünvanına "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərin ilkin təqibi departamentinin rəisi Azər Hüseynovun imzası ilə məktub gəlib. Məktubda qeyd edilir ki, bu qadın guya 2005-ci ildə bankdan 4112 AZN kredit alıb və 38 ay müddətinə qaytarmalı olduğu krediti bu günə qədər qaytarmayıb. İndi borc 10315.0 AZN olub və pulun 5 gün ərzində qaytarılması tələb olunur. Əks halda qanuni tədbir görüləcəkmiş: "Halbuki anam heç vaxt bu krediti götürməyib. Bu hadisədən sonra anam nə qədər stress keçirib, halı pisləşib, təcili tibbi yardım çağırmışıq. 72 yaşlı anama atılan bu böhtana nə ad vermək olar? Bank faktiki olaraq kredit götürmədiyi halda 72 yaşlı qadına 10 min manat yükləyir".

Şikayətçinin sözlərinə görə, onların bu məsələdən qətiyyən xəbərləri yoxdur: "Məsələ ondadır ki, bankdan qardaşımın da adına məktub gəlib ki, guya o da həmin kredit götürülərkən zamin duran şəxs olub. Axı adətən yaşlı adama böyük məbləğdə kredit verilmir. Sual doğur ki, 2005-ci ildə 61 yaşlı qadına kim 4 min manatdan çox kredit verərdi? Bizim bu kreditdən ümumiyyətlə xəbərimiz yoxdur. Anam ümumiyyətlə heç bir yerdən kredit götürməyib. O müqaviləni kim tərtib edib, ona kim imza atıb, orada hansı sənədlər var - bilmirik. Maraqlısı budur ki, bizə bununla bağlı 2 il əvvəl də məktub gəlmişdi. O zaman "Kapital Bank"ın 2 saylı Nəsimi filialına getdim. Orada bizdən dəfələrlə üzr istədilər və yanlışlığa yol verildiyini dedilər. İndi 3 gün əvvəl, şənbə günü bizə yenidən məktub gəlib ki, krediti ödəməlisiz. Məktubda Seymur Rzayev adlı birinin adı və nömrəsi qeyd olunmuşu. Biz ona dedik. Dedi ki, gəl sübut elə ki, kredit götürməmisiz. Biz də dedik ki, əgər bizim bu işdən xəbərimiz yoxdursa, etmədiyimiz işə görə banka niyə gəlməliyik, niyə axı kiməsə nəyisə sübut etməliyik? Sonra dedi ki, bu iş araşdırılıb sizə məlumat veriləcək. Amma bu vaxta kimi heç nə deməyiblər. Biz isə artıq bununla bağlı Mərkəzi Banka şikayət etmişik. Belə getsə, məhkəməyə də müraciət edəcəyik".

Məsələ ilə bağlı "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Problemli kreditlərin ilkin təqibi departamentinin məktubda adı çəkilən araşdırmaçı əməkdaşı Seymur Rzayevlə əlaqə saxladıq. S.Rzayev Milli.Az-a bildirdi ki, onlar sadəcə məsələnin araşdırılması üçün Quliyeva Gülzar Qüdrət qızının banka gəlməsini xahiş ediblər: "Bank həmin qadına standart bildiriş göndərib. Bildirişdə qeyd olunur ki, filan qədər borcunuz var, onu vaxtında ödəyin. Hələlik məsələni tam araşdıra bilməmişik. Məhz elə buna görə müştərini banka dəvət etmişik. Amma əlimizdə sənədlər var".

Bank işçisi təcrübədə heç vaxt belə şeylə rastlaşmasa da, hər halda bunun texniki səhv olduğunu istisna etmədir: "Bu məsələ vaxtilə mənim də başıma başqa bankda gəlib. Ona görə də xanımı dəvət etdik ki, köməkləşib məsələni araşdıraq. Ola bilər ki, bu, həqiqətən də texniki səhv olsun. Ola bilər ki, müştərinin adı başqa cür olsun, amma sistemdə səhv yazılsın. Hər şey ola bilər. Həmin Tamilla xanım mənimlə telefonla danışığında dedi ki, mən köməklik göstərəcəm və bu məsələni birlikdə həll edəcəyik. Müştərini banka dəvət etməkdə məqsədimiz məbləği ödətdirmək deyil. Bilmək istəyirik ki, problem nədən qaynaqlanıb. "Kapital Bank" dövlət bankıdır və biz vətəndaşların mənafeyi üçün problemləri araşdırıb aradan qaldırmalıyıq. Bəzi hallarda olur ki, məktub göndərilib, amma texniki səhv olub və ya həmin vəsait müştərinin cari hesabında qalıb, silinməyib. Ona görə də müştərini çağırdıq ki, üz-üzə söhbət edib məsələni həll edək. Biz bu məsələnin heç məhkəmə səviyyəsinə də qalxacağına inanmırıq. Çünki ona qədər biz hələ məsələni araşdırmalıyıq. Əgər müştəri kredit götürməyibsə, onda bu sənədlər haradan çıxıb?"

Ekspert-hüquqşünas Səbuhi Axundov isə hesab edir ki, sözügedən məsələnin iki tərəfi ola bilər: "Belə hallarda problem ya texniki səhvdən qaynaqlanır, ya da müştəri həqiqətən kredit götürüb, amma ödənmədiyinə görə məhkəmə üçün iddia müddəti bitib. Bank iddia müddətini buraxdığına gorə, işi məhkəməyə versə də, perspektivi yoxdur. Ola bilər ki, müddətin axımını bərpa etmək üçün hər vəchlə xanıma 10 manat da olsa, ödətdirmək istəyirlər. Çünki qanunvericiliyə əsasən, müqavilə üzrə öhdəliklə bağlı iddia müddəti müqavilənin icra tarixinin bitdiyi andan 3 il iddia müddəti nəzərdə tutulub. Yəni müqavilə 3 illik baglanıbsa, növbəti 3 ilin yekununda iddia müddəti buraxılmış hesab olunur".

İlkin İzzət

Milli.Az

"Bank kredit götürmədiyi halda 72 yaşlı qadına 10 min manat yükləyir"