Bakı, 3 fevral, AzərTAc
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “Azərbaycanda gənclər siyasəti: mövcud vəziyyət, problemlər və beynəlxalq təcrübə üzrə inkişaf perspektivləri” mövzusunda keçirdiyi analitik məqalə müsabiqəsinin qaliblərini mükafatlandırıb.
AGAT-dan AzərTAc-a bildiriblər ki, müsabiqənin məqsədi, gənclərin intellektual və mənəvi inkişafının təmin edilməsinə, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, motivasiyasına, onlar arasında sağlam həyat tərzinin təbliğinə, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə kömək etməkdir.
Tədbirdə müsabiqənin nəticələri barədə məlumat verilib, Azərbaycan gəncləri ilə beynəlxalq şəbəkələr arasında əlaqələrin qurulmasında AGAT-ın roluna dair təqdimat olub.
Sonda qaliblərə diplom və mükafatlar verilib. Müsabiqədə ilk üç yeri tutan şəxslərə müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində mükafatlar təqdim olunub. Bundan başqa, 4-10-cu yerlərin sahibləri isə noutbuklarla təltif ediliblər.