Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun Herbari fondunun müdiri Pərvanə Qaraxani və Mərkəzi Nəbatat Bağının böyük elmi işçisi Rəşad Səlimov Böyük Britaniyanın Kyu Kral Botanika Bağının əməkdaşları ilə birgə respublikamızın bəzi rayonlarında ekspedisiyalar aparıblar. Tədqiqatlar orta və yuxarı dağ qurşaqlarının geofit bitkilərinin öyrənilməsinə həsr olunub. Alimlərin müştərək elmi tədqiqatlara dair “İris şelkovnikovi” adlı məqaləsi Kyu Kral Botanika Bağının nüfuzlu “Curtis`s Botanical Magazine” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, məqalədə “Şelkovnikov” süsəninin yayıldığı ərazi, öyrənilmə tarixi, qısa botaniki təsviri verilib, becərilməsinə dair tövsiyələr qeyd olunub. Eyni zamanda, məqalədə süsənlərin təsnifatındakı bəzi mübahisəli məsələlər də şərh olunub.
Qeyd edək ki, 1787-ci ildən bəri “Willey Blackwell” nəşriyyatı tərəfindən dərc olunan “Curtis`s Botanical Magazine” jurnalında dünyanın müxtəlif ölkələrinin alimlərinin tədqiqatları və təcrübələri çap edilib.
