Dünya pop musiqisinin mərhum kralı, 2009-cu ildə vəfat etmiş Maykl Cekson ölümündən sonra ən çox gəlir "əldə etmiş" məşhurların reytinqinin lideridir.
Milli.Az bildirir ki, Forbes jurnalının hazırladığı "Top-earning dead celebrities 2015" reytinqinin lideri Maykl Ceksonun əsərləri son bir ildə 115 milyon gəlir verib.
Onun ölümündən 6 il keçsə də, Makl Ceksonun mahnıları gəlir verməyə davam edir. Las-Veqasdakı "Cirque du Soleil"in "Michael Jackson One" şousu, habelə "Mijac Music" və "Sony/ATV" şirkətləri də gəlirlərdən şikayətlənmir.
Reytinqdə ikinci yerdə 1977-ci ildə vəfat etmiş Elvis Presli var. Rok-n-roll kralının son bir ildə "gəlir"ləri 55 milyon dollar olub.
Məşhur "Peanuts" komiksinin müəllifi, mərhum amerikalı rəssam-karikaturaçı Çarlz Şultsun gəlirləri 40 milyon dollar təşkil edib.
İlk onluqda Bob Marli (21 milyon dollar), Elizabet Teylor (20 milyon), Merilin Monro (17 milyon), Con Lennon (12 milyon), Albert Eynşteyn (11 milyon), Pol Uoker (10,5 milyon) və Betti Peyc (10 milyon dollar) də var.
Milli.Az

