Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Hollandiyanın radiologiya mübadiləsi proqramı çərçivəsində elmi-praktiki seminar keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarda xarici mütəxəssislər Allard Olthof və Peter Fahner qaraciyər xəstəlikləri, qarında ağrı, bazu və bud-çanaq oynaqlarının xəstəlikləri, insult, skleroz və süd vəzisi xəstəlikləri zamanı radioloji müayinə üsullarının (USM, KT, MRT) müqayisəli xarakteristikası ilə bağlı məruzələrlə çıxış ediblər. Mühazirələr interaktiv şəkildə aparılıb və auditoriya tərəfindən böyük maraqla qarşılanıb. ATU-nun radiologiya, cərrahiyyə, travmatologiya və ortopediya, nevrologiya, onkologiya kafedraları və müvafiq şöbələrin həkimləri, rezidentləri və 6-cı kurs tələbələri müzakirələrdə fəallıq göstərərək çoxsaylı suallar veriblər.
Sonra ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova, Tədris Cərrahiyyə Klinikasının direktoru Nuru Bayramov qonaqlarla görüşüblər. Görüş zamanı bu cür tədbirlərin əhəmiyyətindən bəhs olunub və gələcəkdə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.