Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Topaz Premyer Liqasında X turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ən əlamətdar cəhəti “Qarabağ” komandasının yenidən liderliyə yüksəlməsi olub.
Ötən tur “Qarabağ” komandasının “Sumqayıt” kollektivinə məğlub olmasından sonra liderliyə yüksələn “Qəbələ” doğma meydanda AZAL-ı qonaq edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda Roman Qriqorçukun yetirmələri “təyyarəçilər”in qapısına yol tapa bilməyiblər. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Doqquzuncu turda gözlənilməz nəticəyə imza ataraq “Qarabağ”ı məğlub edən “Sumqayıt” bu dəfə də gözəl oyunu ilə qələbə qazanıb. Sumqayıtlılar səfərdə “Xəzər Lənkəran” komandasının azarkeşlərini məyus ediblər – 2:1. “Sumqayıt” oyunun ilk hissəsində - 7-ci və 36-cı dəqiqələrdə Tofiq Mikayılovun və Ağabala Ramazanovun qolları ilə hesabda irəli çıxıb. Ev sahibləri yalnız 88-ci dəqiqədə təsəlli qolunu vura biliblər. “Xəzər Lənkəranın heyətində Rahid Əmirquliyev fərqlənib.
Günün ən məhsuldar oyunu “Zirə” - “Kəpəz” matçı olub. Zirə qəsəbə stadionunda üz-üzə gələn komandalar meydandan sülhlə ayrılıb - 2:2. Oyunda “Zirə”nin iki futbolçusu və komandanın baş məşqçisi qırmızı vərəqə ilə cəzalandırılıb. “Zirə”nin heyətində Nelson Bonilla 28-ci və 37-ci dəqiqələrdə rəqib qapısına yol taparaq dubl edib. Qonaq komandadan isə 16-cı dəqiqədə Bəxtiyar Soltanov, 74-cü dəqiqədə isə Junior Osvaldo “Zirə”nin qapısını dəqiq nişan alıblar.
Ötən turda liderliyi əldən verən “Qarabağ” çempionatın autsayderi olan “Rəvan” komandasını 36-cı dəqiqədə Vüqar Mustafayevin qolu sayəsində minimal hesabla məğlub edərək yenidən Premyer Liqaya rəhbərlik etməyə başlayıb.
Turun digər oyununda – “Neftçi” – “İnter” qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. Paytaxt derbisində ev sahibləri 35-ci dəqiqədə Ruslan Qurbanovun on bir metrlik cərimə zərbəsindən vurduğu qolla hesabda irəli çıxıblar. Lakin qonaqlar 86-cı dəqiqədə Nizami Hacıyevin qolu ilə hesabda tarazlığı bərpa ediblər.
Beləliklə, on turdan sonra “Qarabağ” 23 xalla çempionata liderlik edir. “Qəbələ” 21 xalla ikinci, “İnter” isə 18 xalla üçüncü sıradadır. Hesabında 17 xal olan “Zirə” dördüncü, 15 xal toplayan “Kəpəz” isə beşinci pillədə yer alıb. Sonrakı yerlərdə isə “Sumqayıt” (11 xal), “Neftçi” (10 xal), “Xəzər Lənkəran” (9 xal), AZAL (8 xal) və “Rəvan” (2 xal) qərarlaşıblar.





