ANS PRESS-in məlumatına görə, körpəsini dünyaya gətirən Günel Əliyevanın uşağı tək qollu doğulub. Doğuş Abşeron rayon Mərkəzi Xəstəxanasında həyata keçirilib.
Bu, gənc ailə – Araz və Günel Əliyevlər ailəsinin ikinci övladıdır. İlk uşaqda heç bir qüsur olmayıb.
Qolunun birinin anadangəlmə olmamasına baxmayaraq, həkimlər körpənin ümumi vəziyyətini qənaətbəxş hesab edir. Elə ana da normaldır. Sadəcə baş verənlərin ağrısını yaşayır.
Uşağın belə doğulması isə həkimlər tərəfindən nadir hal kimi qiymətləndirilir. Onların fikrincə, yeni doğulan uşaqlarda bu cür fiziki qüsurlar bir neçə səbəbdən yarana bilər .Bu amillərə irsi xəstəlik, ana və atanın qohum olması və ya ananın antibiotik tərkibli dərmanların qəbul etməsi aiddir.
Körpənin nənəsi Rahilə Əliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, doğulan qız uşağının qolunun birinin dirsəkdən aşağı hissəsi yoxdur. O, gəlininin tam normal hamiləlik dövrü keçirdiyini deyir:
"Yazırlar ki, guya, mənim gəlinim antibiotik içib, yoldaşı ilə qohumdur, amma elə deyil. Hamiləlik dövründə Günel heç baş ağrısı dərmanı da qəbul etməyib. Gəncədə 2 dəfə, Bakıda isə bir dəfə ultrasəs müayinəsində olub, həkim uşağın tam normal olmasını deyib", - deyə qaynana əlavə etdi.
Çəkisi 3kq. 300q. olan körpənin digər bütün orqanlarının tam normaldır. Körpənin nənəsinin sözlərinə görə, doğuşu qəbul edən həkimin də çox təəccübləndiyini, ilk dəfə belə halla rastlaşdığını bildirib.

Bu cür halların baş verməməsi üçün həkimlərin gələcək analara bir sıra məsləhətləri var. Həkim-ginekoloq Samirə Əkbərbəyova deyir ki, bu gün uşaqların belə qüsurlu doğulmasının əsas bir səbəbi var: "Bətndaxili qüsurlar ancaq genetik dəyişikliklərin nəticəsində meydana gəlir. Bunun üçün ekologiyamız, yeməyimiz dəyişməlidir. Burada başqa heç bir problem ola bilməz", - deyə həkim bildirdi.

Qolsuz doğulan körpə
Həkim Gülnarə Süleymanovanın sözlərinə görə, inkişaf qüsurlarının çoxsaylı səbəbləri var. Bu, hamilə zamanı bətn daxilində, dölün inkişafı dövründə meydana gələn problemlərlə bağlı ola bilər. Buna infeksiya və ya hər hansısa xəstəlik, ananın qidalanması, ümumi halı da təsir göstərə bilər. Yəni uşaqların qüsurlu doğulmasının bilavasitə səbəbi məlum deyil, amma ona şərait yaradan faktorlar ola bilər.
Həkimlər dönə-dönə təsdiq edirlər ki, uşaqlarda anadangəlmə inkişaf qüsurlarının xeyli hissəsinin qarşısını almaq olar. Bunun üçün gələcəyin anası hamiləliyə qabaqcadan lazımi səviyyədə hazırlaşmalıdır.
Anadangəlmə inkişaf qüsurlarını törədən faktorlar arasında infeksiyalar üsütünlük təşkil edir. Bunlar əsasən anadan körpəyə keçən infeksion xəstəliklərdir. Bunlara bəzi virus infeksiyaları - məxmərək, qrip, suçiçəyi, eləcə də, cinsi yolla keçən infeksiyalar və s. aiddir.
Beləliklə, uşaq doğulmasına hazırlaşan gələcək ata və ana qabaqcadan tibbi müayinədən keçməli, bütün xroniki xəstəliklərin profilaktik müalicəsini aparmalıdırlar. Hamiləlik zamanı qadınlar öz sağlamlığını qorumalı, infeksion xəstələrə yoluxmaqdan qorunmalıdırlar.

Anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməsində faktorlardan biri də valideynlərin yaş həddidir. Statistik göstəricilərə əsasən valideynlərin yaşı artdıqca qüsurla doğulan körpələrin sayı da artır. Optimal uşaq doğma yaşı 20-dən 30 yaşa qədərdir. Yaşı 35-dən artıq olan valideynlər risk qrupuna daxildirlər, sağlam uşaq doğulması üçün onlar mütləq müayinə və hazırlıq keçməlidirlər.

Valideynlərin sağlam olması bilavasitə uşağın sağlamlığı üçün zəmin yaradır. Şübhə yoxdur ki, ananın bir çox xəstəlikləri körpənin bətndaxili inkişafına mənfi təsir göstərə bilər.
Anadangəlmə inkişaf qüsurlu körpələrin doğulmasından özünüzü sığorta etmək üçün hamiləliyə düzgün hazırlaşmaq, hamiləliyin ilk günlərindən etibarən qadın məsləhətxanasında qeydiyyata düşmək lazımdır. Bu zaman qadın hamiləliyin bütün dövrü ərzində ixtisaslı həkimlər tərəfindən nəzarətdə olacaq, lazımi müayinələrdən keçəcək.
Həkimlərin sözlərinə görə, anadangəlmə inkişaf qüsurlarının əmələ gəlməsində ana tərəfindən qəbul edilən dərman preparatlarının da müəyyən təsiri olur. Ona görə də hamiləlik zamanı dərmanlar, dölə təsiri nəzərə alınmaqla, yalnız müalicə həkimin təyinatı ilə qəbul edilməlidir.
Bu cür problemlərin qarşısını almaq üçün profilaktik tədbirlər görülməlidir. Azərbaycanda uşaqların icbari dispanserizasiyasının tətbiqi bu məqsədi güdür ki, uşaqların üstündə insanların, valideynlərin, həkimlərin məsuliyyəti bir daha artsın.
İcbari dispanserizasiya 2015-ci il fevralın 3-dən etibarən fəaliyyət göstərir. Bu Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, müalicəsi, profilaktikası, fəsadlarla mübarizə sahəsində keyfiyyət standartlarının çatdırılması məqsədi ilə "Sağlamlıq aylığı" həyata keçirilməsi prosesidir.
Qolsuz doğulan körpənin videosu