“Birdən seçilsəm... parlamentə getməyəcəm”
“Deyəsən, burada heç kim yoxdur. Bəlkə yuxarı qalxaq?” Fotoqrafımız Ramildir. Yarıqaranlıq pilləkənlərlə məni də yuxarı dartır özüylə. Vətəndaş Həmrəyliyi Partiyasının qərargahındayıq. Seçki günü partiyaların mərkəzi qərargahlarını gəzirik, reportaj hazırlamaq üçün. VHP-dən başlamağımız da təsadüfi deyil. Redaksiyamızın yaxınlığında yerləşir, ona görə.
Partiyanın beşmərtəbəli qərargahında isə doğrudan da heç kim yoxdur. Birdən beşinci mərtəbəyə kimi bircə açıq qapı belə görmədik. Nəhayət, şair demiş, qaranlıqları yara-yara DAK Benilüks Azərbaycanlıları Təşkilatının Azərbaycan nümayəndəliyinin yanında VHP-nin Seçki Qərargahını tapırıq. Qapını döyə-döyə dəstəyini də aşağı-yuxarı hərləyirik, amma içəridən heç bir səsə gəlmir. Ümumiyyətlə, qərargahda ölü səssizlikdir. Ya VHP-çilər hamılıqla həmrəy olub səs verməyə gediblər, ya da qapını içəridən bağlayıb, oturublar. Amma bütün hallarda qərargahda olduğumuz 20 dəqiqə ərzində nəinki VHP-çiyə, hətta qarovulçuya da rast gəlmədik. Bəlkə də partiyanın lideri Sabir bəyin ənənədən çıxaraq namizədliyini verməməsi partiyada ruh düşkünlüyü yaradıb. Amma bu son seçki də deyil axı bu məmləkətdə. Ən azı partiyanı qapısı açıq atıb da getmək olmaz. Bir sözlə, biz çıxana qədər VHP-də salamatlıq idi, yəqin heç nə olmaz.
***
Ümid Partiyası isə qərargahını bir günlük Montindən Əhmədliyə köçürüb. Partiyanın sədri İqbal Ağazadə yenə də namizədliyini 35 Saylı Xətai Üçüncü Seçki Dairəsindən irəli sürüb, ondandı. Necə deyərlər, hamını başına yığıb. Yuxarısı çayxana, ikinci qatı karaoke olan üçmərtəbəli binanın ilk qatına yığışıb ümidçilər. Qərargahda partiya sədrindən başqa xeyli insan var. Kağız-kuğuz işləri ilə məşğuldurlar. Danışmağa isə heç də həvəsli deyillər. Ona görə də yan otaqda masa arxasında əyləşmiş sədr İqbal bəylə söhbətləşirik. Söhbətləşmək deyəndə, bəyin də başı bərk qarışıqdır. Gah o telefonla zəng edir, gah da bu biri ilə. Ya da ona zəng edirlər. Bircə onu öyrənə bilirik ki, bu dairədə səsvermənin gedişini 500 müşahidəçi izləyir. Və səhər tezdən də müşahidəçilərdən məlumatlar daxil olmaqdadır. Elə bizim yanımızdaca 8 və 59-cu dairələrdən namizədliyini irəli sürmüş partiya üzvləri ilə əlaqə saxlayır. Daha sonra 17-ci dairəylə. Hiss olunur ki, gedişat ürəyincə deyil…
***
“Ümid”dən ayrılıb, köhnə müttəfiqi Müsavatın köhnə qərargahına yollanırıq. Bizi başqan müavini Səxavət Soltanlı qarşılayır və seçki qərargahına qədər müşayiət edir. Qərargahda isə oranın az qala simvoluna çevrilmiş başqan müavini Gülağa Aslanlı yerlərdən gələn xəbərləri saf-çürük edərək Xuraman xanımla növbəti press-relizi hazırlayır. Müsavatın vəkili Nemət Kərimliylə Səxavət Soltanlı da qeydlərini aparırlar. Gülağa bəy vaxt tapıb suallarımızı da cavablandırır. Başqan müavinini dediyinə görə, səsvermə başlayandan yerlərdəki müşahidəçilərin əksəriyyətinə mane olmaq istəyiblər. Amma DSK və məntəqə sədrləri ilə aparılan intensiv danışıqlardan sonra əksər yerlərdə problem həll edilib. Gülağa bəyin dediyinə görə, partiya seçkidən çəkilsə də, Müsavat üzvü olan namizədlərin adları hələ də bülletenlərdədir.
“Partiyanın səlahiyyətli nümayəndəsi kimi bu gün 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 31, 32, 33 və 34 saylı məntəqələrində olmuşam. Həmin dairədə səlahiyyətli nümayəndə kimi adımı dəftərdə yazıb, imza qoymuşam. Bu, mənim hüququmdur. Orada olanda bülletenlərdə öz adımı da gördüm, özü də siyahıda birinci idi”.
“Birdən seçildiz?” sualına cavabında başqan müavini bildirdi ki, seçilsə belə, parlamentə getməyəcək. Çünki partiyanın qərarına tabedir.
Amma partiyanın qərarından tabe olmayanlar da var. Bəs onların haqqında ölçü götürüləcəkmi? Gülağa bəyin dediyinə görə, bu, gələcəyin işidir.
***
BAXCP-nin qərargahındayıq. Burada da qızğın iş gedir. Dairələrdən gələn xəbərlər yığılır, müşahidəçilər və nümayəndələrə müvafiq tapşırıqlar verilir. BAXCP-nin namizədlərinin heç biri qərargahda deyil.
Partiyadan bildirdilər ki, başda sədr Qüdrət Həsənquliyev olmaqla, namizədlərin hamısı öz namizəd olduqları seçki dairələrindədir.
BAXCP-nin baş katibi və eyni zamanda Seçki Qərargahının sədri Söhrab Abdullayevin dediyinə görə, partiya hələ müşahidə aparır. “İndidən hansısa mülahizə irəli sürmək istəməzdik. Seçki qurtarsın, partiyanın İdarə Heyətində müzakirə apardıqdan sonra rəsmi mövqeyimizi bildirəcəyik”.
Beləcə…










