Minsk, 1 noyabr, AZƏRTAC
“Eurovision-2015” uşaq mahnı müsabiqəsində Belarus təmsilçisi, 13 yaşlı həmvətənimiz Ruslan Aslanov Avropa səhnəsində ifa edəcəyi “Sehrbazlıq” mahnısına klip çəkdirib.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, klipdə hadisələr iki zaman müstəvisində baş verir. Reallıq sehrbazlıqla yanaşıdır. Çəkilişlər Minskdə və şəhərdən kənarda aparılıb. Həm şəhərin ərazisi, həm də kəndin çöl və meşələri çəkiliş meydanına çevrilib. Klipdə sarı payız yarpaqları mavi və bənövşəyi rəngə çevrilib, fluoressent lampalardan və tüstüdən istifadə edilməsi mənzərəyə sehrli görkəm verib. Klipin detalları birbaşa çəkiliş meydanında tamamlanıb. Gənclərin sosial şəbəkələrindən birinin rəsmi qrupunda artıq Ruslan Abbasovun “Sehrbazlıq” mahnısına ən yaxşı klip üçün səsvemə keçirilir. İfaçının pərəstişkarları onun fotoşəkillərindən və çıxışlarının fraqmentlərindən quraşdırılmış video yerləşdiriblər. Ən çox “layk” toplayan müəllifi R.Abbasovun promo-çəkilişinin videoməhsullarından ibarət mükafat gözləyir.
Belarus nümayəndə heyəti Sofiyaya noyabrın 14-də yola düşəcək.
“Eurovision-2015” uşaq mahnı müsabiqəsi noyabrın 21-də Bolqarıstanın paytaxtında keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk