"Kəpəz"in Premyer Liqada uğurlu çıxışı futbolçuların müxtəlif yaş qrupları üzrə yığma komandalara yolunu açıb. Kəpəz TV (Region TV) xəbər verir ki, bu günlərdə klubun daha bir yetirməsi milliyə dəvət alıb.
Ötən aylarda klubun əsas heyətinin üzvləri A, milli və gənclər yığmasına dəvət almışdısa, bu dəfə əvəzedicilərin futbolçusu Əli Səmədov oyunu ilə U-19 komandasının məşqçilər korpusunun diqqətini çəkib. Səmədov noyabrın 2-dən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda keçirilən təlim-məşq toplanışına dəvət alıb. Əli daha əvvəllər aşağı yaş qrupları üzrə ölkə yığmalarına cəlb olunsa da, ilk dəfə U-19-a çağırılıb.
Azər Məmmədov - "Kəpəz"in əvəzedici heyətinin baş məşqçisi: "Mən də Əlinin bu uğuruna sevinirəm. Arzu edirəm ki, yığmada möhkəmlənib oynasın. Milli ilə yanaşı, istərdim ki, əvəzedicilərdən "Kəpəz"in əsas komandasına uşaqlarımız getsin. Namizədlər var, amma nə vaxt ki, gedib ilk 11-likdə yer alacaqlar, bax, onda lap çox sevinəcəyəm".
"Kəpəz"in sıralarından sonuncu dəfə 19 yaşlıların Azərbaycan yığmasına futbolçunun çağırılmasından uzun zaman keçib. Bu mənada Əli Səmədov təxminən 10 illik həsrətə son qoyub.
Azər Məmmədov: "Yeni yaranmış komandayıq. Buna baxmayaraq, əvəzedici heyətdə sırf Gəncə futbol məktəbinin yetirmələri oynayır. Yeni komandadan bir oyunçunun yığmaya çağırılması yaxşıdır, ancaq daha yaxşı olar ki, bundan sonra 2-3 futbolçumuz milliyə və ya klubumuzun əsas komandasına dəvət alsın".
19 yaşlıların paytaxtda toplanış keçməsi Avropa Çempionatının ilkin seçmə mərhələsi oyunları ilə bağlıdır. Futbolçularımız noyabrın 10-u, 12-si və 15-ndə Bayıl stadionunda müvafiq olaraq Ukrayna, Türkiyə, Bosniya və Hersoqovinadan olan həmyaşıdları ilə qarşılaşacaqlar.
Milli.Az
