Bakı, 5 noyabr, AZƏRTAC
"Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya sisteminin (FARABI) tətbiqinin ikinci mərhələsi başa çatıb.
SİNAM şirkətindən AZƏRTAC-a bildiriblər ki, Maliyyə Nazirliyinin həyata keçirdiyi və Dünya Bankı tərəfindən dəstəklənən layihənin məqsədi büdcə təşkilatlarında və büdcədən maliyyələşən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada bulud texnologiyaları əsasında aparılmasının təmin edilməsidir. Sistem Dünya Bankının "Korporativ və büdcə sektorunda hesabatlılıq" layihəsi çərçivəsində yaradılıb.
SINAM şirkəti tərəfindən tətbiq olunan layihə çərçivəsində sənədləşmə Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında aparılır. Layihənin iki mərhələsi çərçivəsində sistemə 75 büdcə təşkilatı və 24 universitet qoşulub. Layihə çərçivəsində Müəssisə Resurslarının İdarəetmə Sistemi (ERP) yaradılıb və 102 təşkilatda tətbiq edilib.
Qeyd edək ki, sistemdə Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi ilə birbaşa inteqrasiya dəstəklənir. Bu cür inteqrasiya prosesləri isə "elektron hökumət" konsepsiyasının G2G (dövlət-dövlət) komponentinin əsasını təşkil edir.
Səhiyyə Nazirliyinin maliyyə-iqtisad şöbəsinin baş məsləhətçisi Rəna Camalovanın sözlərinə görə, tətbiq olunan proqram təminatı Azərbaycanda ilk olaraq milli mühasibatlıq standartlarını dəstəkləyir. Müxtəlif modullar vasitəsilə, o cümlədən əmək haqlarının hesablanması və ödənişlər daha sürətlə və avtomatlaşdırılmış formatda həyata keçirilir.
Azərbaycan Texniki Universitetinin baş mühasibi Əfsər Dadaşov da FARABİ layihəsi çərçivəsində mühasibatlıq üçün tətbiq olunan sistemi yüksək qiymətləndirib. Bildirib ki, proqramın digər bir üstünlüyü də xəstəlik vərəqəsinə görə müavinətlərin hesablanmasıdır. Bu proses tam avtomatlaşdırıldığı üçün artıq hər hesablama üzrə 2-3 saat vaxt sərf etmək zərurəti yoxdur.