Bakı, 5 noyabr, AZƏRTAC
Misirdə Rusiyaya məxsus A321 təyyarəsinin qəzaya uğramasının təhqiqatında iştirak edən Avropa və Amerika xüsusi xidmət orqanları laynerin göyərtəsində bomba partlayışı ehtimalının yüksək olduğunu düşünürlər. Bu barədə CNN və NBC telekanalları məlumat yayıb. Qəzadan sonra 12 aviaşirkət Sinay yarımadası üzərindən uçuşları dayandırıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu ssenari Avropanın tur-operatorları üçün ciddi nəticələrə səbəb ola bilər. Böyük Britaniya Baş nazirinin dəftərxanasının göstərişinə əsasən bu gündən etibarən Misirin Şarm-əl-Şeyx şəhərinə bütün sərnişin təyyarələrinin uçuşları müvəqqəti dayandırılacaq.
Rəsmi Qahirə isə öz növbəsində Şarm-əl-Şeyxdəki hava limanının tam təhlükəsiz olduğunda israr edir və nəticə çıxarmazdan öncə təhqiqatın sonunu gözləməyə çağırır.