Bakı, 6 noyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş paytaxtın orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, BŞGİBİ-nin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Beynəlmiləlçi Əlil Döyüşçülər İctimai Birliyinin sədri, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Sərraf Oruc iştirak ediblər.
Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev gənclərdə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışıb.
Sonra Raqif Abbasov çıxış edərək bildirib ki, müsabiqədə iştirak edən gənclərin hər biri qalibdir və bu kimi müsabiqələr gənclərin intellektual səviyyələrinin artırılmasına xidmət edir, elmli gənclərin formalaşmasına zəmin yaradır.
Qeyd olunub ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Dövlət Bayrağı Gününün geniş qeyd edilməsi, gənclərə yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaq və istedadlı gəncləri üzə çıxartmaq, yeniyetmə və gənclərdə milli vətənpərvərlik ruhunun gücləndirilməsi, onların istedad və bacarıqlarının aşkarlanmasıdır.
Daha sonra “Mənim bayrağım” mövzusunda Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa yazı və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

“Mənim bayrağım” mövzusunda şeir və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
“Mənim bayrağım” mövzusunda şeir və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar