Allah 1917-ci ilin 7 noyabr tarixində xalqımıza Tofiq Quliyevi bəxş etdi.

Tofiq Quliyevin bəslədiyi musiqilər dünyanın bir çox ölkələrində tanınır və sevilir. O həm də Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olub. Onun əsərlərini əfsanavi Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova kimi sənətkarlar ifa ediblər.




Tofiq Quliyevin mahnıları ilə bir neçə nəslimiz böyüyüb. Buna baxmayaraq onun sadəliyi istedadı qədər dahiyanə idi. Tez -tez onu şəhərdə piyada gəzən görmək olardı. Tofiq Quliyev 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

ANS PRESS "El" jurnalında tanınmış rejissor Eldar Quliyevin atası Tofiq Quleyevdən çap olunmuş xatirələrini oxucularımıza təqdim edir: (tam versiya ilə ANS Şirkətlər qrupunun məhsulu olan "El" jurnalın 2003-ci ilin 5-ci nəşrində tanış ola bilərsiniz- red.)

"Atamın başqa nəslin nümayəndəsi olduğu özünü çox şeydə göstərirdi. O müharibədən əvvəlki dövrün yetişdirmələrindən olub, dünyanı dəyişdirib başqalaşdırmaq xülayları, ümidləri ilə yaşayan nəsildən idi. Geniş erudisiyası, ədəbiyyət, müxtəlif incəsənət sahələri–rəssamlıq və heykəltəraşlıq haqqında olan bilikləri məni hər zaman valeh edirdi. Qeyri-adi, olduqca zəngin kitabxanasına isə mən səmimi şəkildə həsəd aparırdım. Yadımdadır 70-ci illərin sonlarında ilk dəfə idi ki, Kafkanın əsərlərinin bir cildi məhdud tirajla nəşr olunmuş və Bakıda az qala siyahı ilə paylanırdı. Atam bu nəşrin nadir sahiblərindən idi və mən öz növbəmdə, ən ağlagəlməz vasitələrlə həmin kitabı mənimsəmək istəyirdim. İş o yerə çatdıki, atama xahişimi əsaslındırmaq üçün hətta:" Qızlarım Kafakanın kitabını yastıqlarının altına qoymasalar, yuxuya gedə bilmirlər",- deyirdim. O da ki, guya bu sözlərimə inanıb həmin kitabı mənə bağışlamışdı.

"Məni Qara Qarayevə yaxın dəfn edin..."

Tofiq Quliyev nəticəsi Ayanla

Atam detektiv oxumağı çox xoşlayardı. Ümümiyətlə, müsiqi ilə yanaşı ədəbiyyatla da hər zaman yaxından maraqlanan adam idi. Ədəbiyyət aləmində baş verən bütün yeniliklərdən birinci xəbər tutardı. Hansısa bir dərgidə - istər paytaxt nəşrində, istərsə də əyalət jurnalında maraqlı detektiv dərc edilirdisə, tez o jurnalı alır, kəskin janrda yazılan kitablar kolleksiyasına əlavə edərdi.

Atamın dostları arasında hər sahədən adamlar vardı. Bununla belə o heç zaman maraqlanmazdı ki, oturub -durduğu adam kimləndəndir və hansı peşənin sahibidir. Atam üçün vacibi olanı ilk növbədə insanın özü, onun daxili keyfiyətləri idi. Dostları arasında sürücü də, akademik də ola bilərdi. Maraqlı bir ənənəsi vardı. Hər ayın müəyənləşdirilmiş bir bazar günündə Bakının meri Əliş Ləmbərənski, baş memarı Mikayil Üseynov və atam Mikayıl müəllimin evində yığışıb süfrə açar və nahar edərdilər. Mikayıl müəllim gözəlliyin aşiqi idi. Buna görə süfrəni xüsusi səliqə və qeyri-adi məharətlə bəzəyərdi.

Təbii ki, belə görüşlər bayağı içki məclisi olmayıb, ruhən, dünyagörüşcə yaxın olan insanların fərqli bir ünsiyyətinə çevrilərdi. Onu da deyim ki, atamın çox böyük cazibə qüvvəsi var idi. Bu səbəbdən o, müxtəlif məclislərdə özünə pərəstişkar tapırdı. Royalda həm klassik, həm milli, həm də caz əsərlərini gözəl ifa edir, özünü dartmır və cürbəcür adamlarla asan dil tapa bilirdi. İndinin özündə də küçədə mənə tanımadığım yaşlı insanlar yaxınlaşıb, atamın onlara tanış olduğunu, onlara nə vaxtsa kömək etdiyini söyləyirlər. Atam heç zaman ehtiyacı kəslərdən öz yardımını əsirgəmirdi.

Mənimlə çox ciddi davranırdı. Heç vaxt ağızdolusu tərifləməzdi, boş yerə ürək-dirək verməzdi. Gənc ikən fizikaya meyil etdiyimdən bu sahənin dalıyca düşüb, fizik olmaq arzusunda idim. Sonra birdən -birə fikrimi dəyişdim və kinomotoqrafiya sahəsinə baş vurdum. Atam buna ehtiraz etmədi, lakin sevinmədi də. Bununla belə, başqalarının istedadına və uğurlarına ürəkdən sevinməyi bacaran adam idi. Bu baxımdan, başqalarından fərqli olaraq o, gənc istedadların simasında özünə rəqib görmürdü. Əksinə, gənclər arasında hörmət qazanıb, onlara dəstək olmağa çalışırdı.

"Məni Qara Qarayevə yaxın dəfn edin..."
Tofiq Quliyev iş zamanı


Kino işində ilk addımlarımı atanda atam məsləhət gördü ki, özümə bir qrup yaradam. Sonralar mən dəfələrlə onun şahidi oldum ki, kinoda həmfikirlər qrupunu, kollektivini yaratmaq həqiqətən də çox vacib məsələlərdəndir. Atam deyirdi ki, öz yaşıdlarınla işləsən daha yaxşı olar və bu məsləhətlər həqiqətən də özünü doğrultmış oldu. O illərdə Qara Qarayevin oğlu Fərəclə və Polad Bülbüloğluyla işləyirdim. Qəribədir ki, atamla hər ikimiz kino aləmində paralel çalışsaq da, bir dəfə də olsun bərəbər işləmədik. Hətta bir dəfə buna imkan yaranmışdı. "Babək " filmini tanınmış rejissor Həsən Seyidbəyli lentə almalı idi. Artıq filmin yaradıcı heyəti təstiqlənmiş və hazırlıq işləri başlanmışdı. Filmin bəstəkarı Tofuq Quliyev olmalı idi. Həmin vaxt Həsən müəllim xəstələndiyindən rejissor işini mənə tapşırılmışdı. İlk dəfə mən atamla bir filmdə işləməli idim. Həmin vaxt Polad Bülbüloğlu:"Tofiq əmi olan yerdə mənim musiqi yazmağım düz olmaz",- demişdi.

Artıq məsələ həll olunmuşdu. Bir axşam evdə oturmuşdum. Birdən telefon zəng çaldı, atam idi. Hal -əhval tutandan, ordan-burdan danışandan sonra keçdi mətləbə və dedi:

-Gəl filmin bəstəkarı məsələsini həll edək.

Təəcübləndim ki, axı bu məsələ artıq həll olunub.

- Yox , bilirsən, sənin öz dostların, yaradıcı qrupun var. Gəl mən bu işdən imtina edim. Nəyə görə kiminsə yerini tutmalıyam? Özü də sənin əla bəstəkarın var.

- Nə danışırsan! Polad deyir onun üçün şərəfdir ki, bu filmin bəstəkarı sən olasan!

- Yox, artıq həll etmişəm. Həm də ki axı əvvəldən Həsən Seyidbəyli ilə işləməli idim. O mənim cavanlıq dostumdur. İndi onun çəkəcəyi filmdə sənin ilə işləsəm, yaxşı çıxmaz və onu doğru anlamaz.

Nə isə, Atamın bu sözlərindən sonra mən də çox təkid etmədim. Onun gətirdiyi arqumentlər kifayyət idi.

Bir dəfə də bizim əməkdaşlığımız haqqında atama radioda sual vermişdilər. O da cavabında demişdi ki, "Eldar mənim oğlumdur. Əgər biz bərabər işləsəydik, o, atası olduğuma görə mənə hər hansı bir iradını söyləməkdən çəkinərdi və bundan yalnız film uduzardı. Və əksinə, əgər iradını açıq bildlirsəydi, rejissor olduğunu unudub ona bir sillə ilişdirərdim" Bununla atam gələcək əməkdaşlığımıza birdəfəlik qərar vermiş oldu.

"Məni Qara Qarayevə yaxın dəfn edin..."
Tofiq Quliyev və Polad Bülbül oğlu


Polad Bülbüloğlu: "Tofiq əmi olan yerdə mənim musiqi yazmağım düz olmaz",- demişdi.

Dediyim kimi, atamım çox yaxşı dostluq etmək qabiliyyəti var idi. Dostları arasında həmvətənlərimiz, həm də müxtəlif millətlərin nümayanləri olardı.

Sovet dövründə atam bir çox respublikaların nümayəndələri ilə yaxından dostluq edirdi. Bəstərarlar arasında Tixon Xrennikov, Nikita Boqoslovski, Rodion Şedrin, və Andrey Petrovla çox səmimi münasibət vardı idi.

90-ci illərin qanlı faciələrindən sonra o, "Rekviem" xarakterli bir əsər yazmaq fikrinə düşmüşdü. Bu əsər həm bu hadisələr zamanı şahidi olduqları haqqında, həm də gənc ilkən vəfat etmiş qızı haqqında olmalı idi. Həmin əsəri o bir növ "laylay" formasında təsəvvür edirdi. Mən təklif etdim ki, əsərə bir videotəsvir də əlavə edək. Görünür ki, mənim də taqsirim var ki, həmin vaxt bu məsələdə təkid etmədim və atam bu əsəri yazmadı. Bəlkə də, arxivində işıq üzü görməmiş həmin əsərin ayrı-ayrı parçaları durur? Bilmirəm.

Atam dəyər-qiymətini çox gözəl anlasa da, heç zaman yersiz iradlarla çıxış etməzdi. Yadıma gəlir 1992-ci ildə - 75 yaşı tamam olanda ona təmtərəqli yubiley gecəsi keçirmək istəyirdik. Onda o, üzün müddət razılıq vermirdi və hey deyirdi ki, belə zamanədə yubiley, bayram gecəsi keçirmək yersizdir. Onda biz çox təkid etdik və nəhayət, uzun söz -söhbətdən sonra atam razılaşdı. İndi çox yaxşı yadıma gəlir ki, gecə axırıncı mahnı çalınanda bütün zal bir nəfər kimi ayağa qaxıb, onu alqışlamağa başladı. Onda atam çox təəccübləndi və konsert qurtarandan sonra mənə dedi ki, gördün camaat necə ayağa qalxdı?

Həddindən artıq təvazökər idi. Halbuki yalnız bir neçə mahnısı ilə öz adını qızıl hərflərlə musuqi tariximizə yazmış ola bilərdi. Özü də bu mahnıları çox gənc yaşlarında bəstələmişdi. Məsələn, "Üzüyümün qaşı firuzəndir"mahnısını atam 27 yaşında bəstələmişdi. Bu mahnı 1944-ci ildə yazılmış və yalnız 10 ildən sonra "Bəxtiyar" filminə daxil edilmişdi. "Sənə də qalmaz" mahnısını da gənc yaşlarında yazmışdı.




Mənə elə gəlir ki, atam bu ölməz əsərləri hansısa hissin, duyğunun təsiri altında bəstələmişdi. Çox güman ki, buna konkret bir həyatı əhvalat da stimul vermişdi. Ona görə ki, insan varlığının belə zərif və incə duyğularını bu cür bənzərsiz formada təsvir etmək üçün sənətkər mütləq aşiq olmalıdır.

Məsələn dahi Puşkinın Anna Pavlovna Kernə yazdığı " Mən sizi sevirəm" şerini xatırlayıb görərik ki, yaradıcı şəxsiyyət üçün mütləq bir ilham mənbəyi olmalıdır. Bəlkə bunun üçün hər hansı qarşılıqlı hiss də şərt deyil.

Ölüm haqqında düşünmürdü. Yalnız bir dəfə, ölümünə təxminən 5 il qalmış məni çağırıb dedi:

-Əgər məni birinci xiyabanda dəfn etməli olsalar çalış ki, Qara Qarayeva yaxın olum. Başqalarından çox onunla yanaşı olmaq istəyərdim.

"Məni Qara Qarayevə yaxın dəfn edin..."
Tofiq Quliyev və Qara Qarayev


Mən etiraz edib dedim ki, bu nə söhbətdir edirsən? Heç ölümü özünə yaxın belə qoyma. Onda cavab vermədi. Ancaq rəhmətə gedəndən sonra atamın arzusunu həyata keçirdim və Qara Qarayevin yanında dəfn etdim.

Qarayevlə çox səmimi münasibətləri, qarşılıqlı hörmətləri var idi. Atamın bu xoş münasibəti Qarayevin oğlu Fəracə də sirayət etmişdi. Yadımdadır, atam haqqında bir sənədli film çəkmək fikrinə düşmüşdüm. Özü də istəyirdi ki, bu filmi məhz mən lentə alım. Filmin bir çox epizodları artıq çəkilmişdi. Bir gün atam mənə dedi ki, filmə mütləq Fəracı da çəkmək lazımdır: "Qara filmdə yoxdur, onun yerinə mütləq oğlu Fərac olmalıdır. Onu da mənimlə birlikdə çəkin". Təbii ki, Fərəc özü də çox maraqlı və dəyərli insandır, amma atamın arzusunda onun məhz Qara Qarayeva qeyri adi münasibəni özünü göstərirdi.



Düşünürəm ki, atamın təmsil etdiyi nəsildə yaradıcı şəxslər arasında nə qədər dedi-qodu, söz-söhbət olsa belə, o dövrün insanları, hər halda, bir -birinin qədrinin bilirdilər. Təəssüf ki, indiki dövrədə bir çoxları bu qabiliyyəti itiriblər... "

Tofiq Quliyevin 80 – illiyinə həsr edilmiş yubiley gecəsində ümumilli lider Heydər Əliyev təbrikində demişdir "Azərbaycan xalqı bəşəriyyətə çox görkəmli insanlar - şairlər, yazıçılar, alimlər, sərkərdələr, siyasətçilər bəxş etmişdir. Əziz Tofiq, onların sırasında sənin xüsusi layiqli yerin var." Bundan yaxşı nə demək olar ki?

"Məni Qara Qarayevə yaxın dəfn edin..."
Tofiq Quliyevin 80 – illiyinə həsr edilmiş yubiley


ANS PRESS-in məlumatına görə, Tofiq Quliyev Bakıda çoxuşaqlı ailədə anadan olub. Son dərəcə yüksək musiqi istedadına malik olması onu 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə isə Konservatoriyaya daxil olmağına imkan yaradır. O həm İ.S. Aysberqin sinfində fortopiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alırdı.

1936-cı ildə konservatoriyanı bitirən Tofiq Quliyev Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Bir müddət Azərbaycanın gələcək dahi bəstəkarı professor Neyqauzenın fortopiano sinifində məşq edir. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayır.

1939-cu ildə bəstəkar Bakıya qayıdıb.